Kənd təsərrüfatı texnikalarının iştirakı ilə yollarda baş verə biləcək ağır qəzaların qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndirilib.
"Yeni Sabah" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi mövsümlə əlaqədar avtomobil yollarında kənd təsərrüfatı texnikalarının sayının artdığını bildirərək, bu nəqliyyat vasitələri ilə yük və sərnişin daşınması zamanı qaydalara əməl olunmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, texniki baxımdan istifadəyə yararsız, xarici işıq cihazları nasaz, tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılmış və ya dövlət qeydiyyat nişanları olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçirilməsi həm sürücü, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. pizza sifarişi
Bundan başqa, əkin sahələrində çalışan insanların qanunvericiliyin tələblərinə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktorlarda və qoşqularda daşınması, ot kütləsi və müxtəlif məhsulların qablaşdırılmadan, müəyyən edilmiş çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsi ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin təhlükəsizliyinin təmin olunmasına, məhsulların daşınması və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırıb.
İdarə həmçinin bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini diqqətə çatdırıb.
Aytac Əliyeva
Telegram kanalımız