ABŞ Dövlət Departamenti Donald Trampın ikinci prezidentlik dövrünün başlamasından bu yana 175 mindən çox vizanın ləğv edildiyini açıqlayıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, vizaların əksəriyyəti sahiblərinin müxtəlif cinayətlərdə iştirakı səbəbindən ləğv olunub.
Departamentin açıqlamasında bildirilib ki, vizaların ləğvinə əsas səbəblər arasında hücum, sərxoş vəziyyətdə avtomobil idarəetmə, oğurluq və narkotiklərlə bağlı cinayətlər yer alıb. Sezar pizza
Bundan başqa, təhlükəli avtomobil idarəetməsi, cinsi zorakılıq, uşaqlara qarşı istismar, dələduzluq və mənimsəmə kimi əməllərlə əlaqəli şəxslərin vizaları da ləğv edilib.
ABŞ Dövlət Departamenti ölkə vizasının hüquq deyil, imtiyaz olduğunu vurğulayıb.
“Departament cəmiyyətimizi bu imtiyazdan sui-istifadə edən şəxslərdən qorumaq üçün mövcud bütün vasitələrdən istifadə etməkdə qərarlıdır”, - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Donald Trampın 2025-ci ilin yanvarında ikinci dəfə prezident vəzifəsinə başlamasından sonra ABŞ administrasiyası miqrasiya siyasətini sərtləşdirib. Ölkədə sənədsiz miqrantlara qarşı nəzarət gücləndirilib, həmçinin viza sahiblərinin yoxlanılması da sərtləşdirilib.
Aydan Hacı
Telegram kanalımız