Milli Məclisin plenar iclasında gündəliyin ikinci məsələsi – “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycanın bu beynəlxalq hüquqi sənədi imzalayarkən öz milli maraqlarına uyğun bir sıra qeyd-şərtlər və bəyanatlar irəli sürdüyünü bildirib.
"Yeni Sabah" xəbər verir ki, 2026-cı il mayın 20-nə olan rəsmi məlumata əsasən konvensiyanın 69 iştirakçı dövlətinin olduğunu diqqətə çatdıran deputat 42 maddədən ibarət sənədin əsas məqsədinin xarici ölkələrdə mülki və ya ticarət işləri üzrə sübutların toplanması və digər məhkəmə fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı hüquqi yardım mexanizmlərini sadələşdirmək olduğunu qeyd edib. N.Səfərovun sözlərinə görə, konvensiya müxtəlif hüquq sistemlərinə malik dövlətlər arasında mülki proses sahəsində razılaşdırılmış prosedurlar əsasında əməkdaşlığı nəzərdə tutur və səlahiyyətli orqanlara sorğu məktubları vasitəsilə müraciət edərək sübutlar əldə etmək imkanı yaradır.
Parlamentari bildirib ki, Azərbaycan 1969-cu il 23 may tarixli Müqavilələr hüququ haqqında Vyana Konvensiyasının 20 və 21-ci maddələrinə uyğun olaraq sənədə qoşularkən müvafiq bəyanatlarla çıxış edib. Həmin bəyanatlardan biri Azərbaycan-Ermənistan münasibətlərini əhatə edir. ShopByBro
Belə ki, münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında saziş qüvvəyə minənədək konvensiyanın müddəaları Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək. Bu bəyanatda 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinə istinad olunduğunu vurğulayan N.Səfərov bu hüquqi yanaşmanın Azərbaycanın digər beynəlxalq müqavilələrin imzalanması prosesində də əksini tapacağını söyləyib.
Digər bəyanatların konvensiyanın ayrı-ayrı maddələrinin tətbiqi ilə bağlı olduğunu deyən deputat səkkizinci maddəyə əsasən xarici məhkəmə orqanları nümayəndələrinin sorğunun icrasında yalnız Azərbaycan qanunvericiliyinə uyğun və səlahiyyətli orqanın əvvəlcədən verdiyi icazə əsasında iştirak edə biləcəklərini diqqətə çatdırıb. N.Səfərov həmçinin konvensiyanın ikinci maddəsinə uyğun olaraq Azərbaycanın mərkəzi orqanı qismində Ədliyyə Nazirliyinin müəyyən edildiyini, 4-cü və 33-cü maddələrlə bağlı qeyd-şərtlərin isə sorğu sənədlərinin Azərbaycan dilində təqdim olunmasını və ya tərcümə ilə təmin edilməsini nəzərdə tutduğunu əlavə edib.
Nazim Hacıyev
Telegram kanalımız