"2022-ci ildə apardığımız hesablamalar bəzi marşrutlarda yüklənmə səviyyəsinin 110-115% olduğunu göstərirdi. Hazırda bu göstərici təxminən 90%-ə enib. Bizim əsas hədəfimiz isə sərnişin sıxlığını 70%-ə çatdırmaqdır ki, bu da beynəlxalq praktikada "psixoloji rahatlıq həddi" hesab olunur".
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Agentlik rəhbəri 2022-ci ildən tətbiq edilən mobillik proqramının nəticələrini rəqəmlərlə diqqətə çatdırıb: Pepperoni pizza
Avtobusların sayı: 2022-ci ildə xəttə çıxan 1 720 avtobusun sayı hazırda 2 350-yə çatdırılıb.
Keyfiyyət dəyişikliyi: Müasir avtobusların sayı 550-dən 1 100-ə yüksəlib.
Köhnə nəqliyyat vasitələri: Paytaxtda hələ də 1 000-ə yaxın köhnə avtobus fəaliyyət göstərir və onların mərhələli şəkildə əvəzlənməsi davam edir.
Anar Rzayev Bakıda ictimai nəqliyyatın optimal fəaliyyəti üçün ümumilikdə 2 800-2 900 avtobusa ehtiyac olduğunu vurğulayıb:
"Plan üzrə 2030-cu ilə qədər xəttə çıxan avtobusların sayını 2 800-ə çatdıracağıq. Bu isə qarşıdakı illərdə şəhərə təxminən 1 500 yeni avtobusun gətirilməsi deməkdir ki, bu proses dövlət proqramında da öz əksini tapıb".
İntervalların qorunmasının birbaşa hərəkət şəraitindən asılı olduğunu qeyd edən AYNA sədri avtobus zolaqlarının əhəmiyyətinə toxunub:
"Avtobus zolaqları şəbəkəsi sayəsində nəqliyyat vasitələrinin orta sürəti 17 km/saatdan 21-22 km/saata yüksəlib. Bu artım intervalların qorunmasına müsbət təsir göstərir. Artıq sərnişinlər "AYNA MaaS" tətbiqi vasitəsilə avtobusların hərəkətini GPS üzərindən canlı izləyə bilirlər".
Sonda sürücülərə müraciət edən Anar Rzayev Gəncə şəhərini nümunə göstərib. O qeyd edib ki, digər avtomobillər avtobusların hərəkətinə mane olmadıqda intervalların qorunması daha stabil şəkildə təmin edilir.
Telegram kanalımız