Azərbaycan ən çox bu məhsulu sataraq   MiLYARDLAR QAZANDI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ən çox bu məhsulu sataraq MiLYARDLAR QAZANDI

İqtisadiyyat

12 Noyabr 2026 12:02 70


2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 38,9 milyard dollar təşkil edib. İxracın həcmi artdığı halda, idxalda ciddi azalma qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib.

Hesabat dövründə Azərbaycan dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. Onlardan 127 ölkəyə məhsul ixrac edilib, 169 ölkədən isə məhsul idxal olunub. Məişət texnikası

Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin ümumi həcmi 38 milyard 898,5 milyon dollar təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 10,3 faiz artım, real ifadədə isə 14,7 faiz azalma deməkdir.

Bu müddətdə ixracın həcmi 25 milyard 552,6 milyon dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac nominal ifadədə 38,1 faiz, real ifadədə isə 5,4 faiz artıb.

Qeyri-neft-qaz məhsullarının ixracı isə 6 milyard 651,6 milyon dollar təşkil edib. Bu göstərici nominal ifadədə 2,5 dəfə, real ifadədə 76,9 faiz yüksəlib.

İdxalın həcmi 13 milyard 345,9 milyon dollar olub. İllik müqayisədə bu göstərici nominal ifadədə 20,4 faiz, real ifadədə 37 faiz azalıb. Qeyri-neft-qaz məhsullarının idxalı isə 12 milyard 788,8 milyon dollar təşkil edib. Bu sahədə nominal ifadədə 19,5 faiz, real ifadədə 36,7 faiz azalma qeydə alınıb.

Beləliklə, hesabat dövründə Azərbaycanın xarici ticarətində 12 milyard 206,7 milyon dollarlıq müsbət saldo yaranıb.

Ölkələr üzrə ticarətdə fərqli mənzərə

Xarici ticarət dövriyyəsində əsas paya malik ölkələrlə əməliyyatların strukturunda da fərqlər müşahidə olunub.

Belə ki, İtaliya ilə ticarət əməliyyatlarının 95,7 faizi ixracın, 4,3 faizi isə idxalın payına düşüb. Birləşmiş Krallıqla ticarətdə ixracın xüsusi çəkisi 93,6 faiz, Çexiya ilə 95 faiz, Rumıniya ilə 94,4 faiz, Gürcüstanla isə 85,3 faiz olub.

Çinlə ticarət əməliyyatlarında isə idxal üstünlük təşkil edib. Bu ölkə ilə ticarətin 97,6 faizi idxalın, 2,4 faizi ixracın payına düşüb. ABŞ-la əməliyyatlarda idxalın xüsusi çəkisi 89,4 faiz, Rusiya ilə 65,8 faiz, Almaniya ilə 57 faiz təşkil edib.

Ən çox hansı məhsulları ixrac etmişik?

Qeyri-neft-qaz məhsullarının ixracında ən böyük məbləğ işlənməmiş və ya yarım işlənmiş, yaxud toz şəklində qızılın payına düşüb. Doqquz ayda 25 359 kiloqram qızıl ixrac edilib və bunun dəyəri 3 milyard 781,6 milyon dollar olub. Qızıl ixracı real ifadədə 6,9 dəfə, nominal ifadədə isə 15,9 dəfə artıb.

Digər məhsullar üzrə göstəricilər belədir:

Təzə meyvə – 441 milyon dollar;

Təzə tərəvəz – 185,7 milyon dollar;

Pambıq lifi – 151,4 milyon dollar;

Mineral gübrələr – 126,7 milyon dollar;

Şəkər – 112,4 milyon dollar;

Polipropilen – 108,8 milyon dollar;

Polietilen – 89,6 milyon dollar;

Emal olunmamış alüminium – 64 milyon dollar;

Siqaretlər – 42,5 milyon dollar;

Pambıq ipliyi – 36,2 milyon dollar.

Məhsullar üzrə artım və azalmalar da diqqət çəkib. Məsələn, şəkər ixracı real ifadədə 2,8 dəfə, pambıq ipliyi 48,3 faiz, siqaretlər 25,5 faiz artıb. Eyni zamanda, emal olunmamış alüminium ixracında 39,6 faiz, polietilendə 27,2 faiz, polipropilendə isə 19,1 faiz azalma qeydə alınıb.

Ən çox hansı məhsulları idxal etmişik?

İdxal olunan əsas məhsullar arasında minik avtomobilləri ilk sıralarda yer alıb. Doqquz ay ərzində ölkəyə 50 898 ədəd minik avtomobili gətirilib. Onların ümumi dəyəri 943,2 milyon dollar təşkil edib. Avtomobil idxalı real ifadədə 34,9 faiz, nominal ifadədə isə 34,1 faiz azalıb.

Bundan başqa, ölkəyə idxal olunan əsas məhsulların dəyəri belə olub:

Dərman vasitələri – 340,7 milyon dollar;

Polad prokatı – 246,7 milyon dollar;

Buğda – 224 milyon dollar;

Bitki yağları – 177,2 milyon dollar;

Qara metallardan borular – 172,3 milyon dollar;

Xam şəkər – 153,9 milyon dollar;

Hesablama maşınları, blok və qurğuları – 149,6 milyon dollar;

Təzə meyvə – 143,7 milyon dollar;

Kərə yağı və digər süd yağları – 113,5 milyon dollar;

Unlu qənnadı məmulatları – 110,6 milyon dollar.

Diqqətçəkən məqamlardan biri də qızıl idxalında kəskin azalma olub. Belə ki, doqquz ayda ölkəyə 170,8 kiloqram qızıl gətirilib və onun dəyəri 26,1 milyon dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici real ifadədə 99,6 faiz, nominal ifadədə isə 99,3 faiz azalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!