Atasının ölümünə səbəb olan sürücü ilə bağlı ŞOK QƏRAR!

saytların hazırlanması

Evə çatdırılma

Atasının ölümünə səbəb olan sürücü ilə bağlı ŞOK QƏRAR!

Sosial

12 Noyabr 2026 13:12 51


2025-ci ildə törətdiyi yol qəzasında atasının ölümünə, daha dörd nəfərin xəsarət almasına səbəb olan sürücünün cəzası şərti hesab edilib.

“Yeni Sabah” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə və dörd nəfərin xəsarət almasına səbəb olan şəxsin barəsində çıxarılmış hökmdən verilən şikayətlərə baxıb.

Hadisə 2025-ci il iyulun 13-də saat 22:10 radələrində Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Mehdiabad–Pirşağı şossesində baş verib. Online shopping Azərbaycan

Belə ki, “Kia Rio” markalı avtomobili idarə edən sürücü yaşayış məntəqəsində müəyyən edilmiş 60 km/saat sürət həddini aşaraq 90–100 km/saat sürətlə hərəkət edib. O, qarşısında gedən “Hyundai Santa Fe” markalı avtomobili ötmək istəyərkən bütöv xətti pozaraq əks hərəkət zolağına çıxıb.

Nəticədə avtomobil qarşıdan gələn “Skoda Rapid” markalı nəqliyyat vasitəsi ilə toqquşub, daha sonra yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza zamanı “Kia Rio”da sərnişin olan sürücünün atası aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Avtomobildəki digər iki sərnişin ağır, “Skoda Rapid”in sürücüsü və sərnişini isə az ağır xəsarətlər alıb.

Ekspertiza sürücünün yol hərəkəti qaydalarını pozduğunu və hadisənin qarşısını almaq üçün texniki imkanının olduğunu müəyyən edib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, eyni zamanda 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunub.

Hökmdən narazı qalan məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi və daha iki zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini və şərti tətbiq olunmasını istəyiblər.

Şikayətlərdə məhkumun törətdiyi əməldən peşman olduğu, zərərçəkmişlərlə barışdığı və dəymiş ziyanı ödədiyi bildirilib. Zərərçəkmiş şəxslər də məhkuma qarşı şikayət və tələblərinin qalmadığını, onun həbs olunmasını istəmədiklərini qeyd ediblər.

Bundan başqa, məhkumun ailənin yeganə gəlir gətirən üzvü olduğu və onun həbsinin ailənin maddi vəziyyətinə ciddi təsir göstərəcəyi vurğulanıb.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırdıqdan sonra birinci instansiya məhkəməsinin təqsirliliklə bağlı qərarını əsaslı hesab edib. Bununla belə, məhkumun əvvəllər məhkum olunmaması, zərərçəkmişlərlə barışması, törətdiyi əməldən peşman olması və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınıb.

Məhkəmə kollegiyası onun azadlıqdan məhrum etmə cəzasını real çəkmədən də islah oluna biləcəyi qənaətinə gəlib və Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini məqsədəuyğun sayıb.

Nəticədə apellyasiya şikayətləri təmin edilib, 3 il 6 aylıq həbs cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!