Hər gün bədənimiz müxtəlif yollarla bizə siqnallar göndərir. Lakin gündəlik həyatın tempində bu dəyişikliklərin bir çoxunu diqqətdən kənarda qoyuruq. Maddələr mübadiləsi ilə bağlı problemlərdən biri olan insulin dirənci də bəzi hallarda bədəndə müxtəlif əlamətlərlə özünü göstərə bilər.
“Yeni Sabah” xəbər verir ki, bəzi xarici və gündəlik əlamətlər insulin dirəncindən şübhələnməyə əsas verə bilər. Lakin bu əlamətlərin heç biri təkbaşına diaqnoz qoymağa imkan vermir və dəqiq qiymətləndirmə üçün həkim müayinəsi və müvafiq analizlər lazımdır.
Endokrinoloq Arzu Əyyubovanın təqdim etdiyi məlumatlar əsasında insulin dirənci ilə əlaqələndirilə bilən 6 əlaməti təqdim edirik. Dominos pizza
1. Bel çevrəsinin genişlənməsi - Piy toxumasının, xüsusilə qarın nahiyəsində toplanması insulinə həssaslığın azalması ilə əlaqəli ola bilər. Bununla belə, insulin dirəncinin yalnız artıq çəkili insanlarda yarandığını düşünmək doğru deyil. Normal çəkiyə sahib olmaq da bu vəziyyətin yaranmayacağına zəmanət vermir.
2. Dərinin müəyyən nahiyələrində tündləşmə - Boyun, qoltuqaltı və qasıq büküşlərində dərinin qalınlaşması, məxməri görünüş alması və rənginin tündləşməsi “acanthosis nigricans” adlanan dəri dəyişikliklərinə uyğun gələ bilər. Bu hal insulin səviyyəsinin yüksəlməsi ilə əlaqəli ola bildiyindən diqqət tələb edir.
3. Dəridə xırda törəmələrin yaranması - Boyun və qoltuqaltı nahiyələrində meydana çıxan kiçik, yumşaq dəri törəmələri akroxordon adlandırılır. Bu törəmələrin sayının çoxalması bəzi insanlarda insulin dirənci ilə əlaqəli ola bilər. Lakin onların mövcudluğu da öz-özlüyündə insulin dirənci diaqnozu demək deyil.
4. Yeməkdən sonra güclü yuxululuq - Xüsusilə bol karbohidrat və şəkər tərkibli qidalardan sonra güclü yorğunluq və yuxululuq hissi bəzi insanlarda maddələr mübadiləsindəki dəyişikliklərlə əlaqəli ola bilər. Ancaq bu halın yuxusuzluq, çox yemək və digər səbəblərlə də bağlı ola biləcəyi nəzərə alınmalıdır.
5. Davamlı şirniyyat istəyi - Yeməkdən qısa müddət sonra yenidən aclıq hiss etmək, toxluq hissinin uzun müddət davam etməməsi və tez-tez şirniyyat istəmək karbohidrat mübadiləsindəki problemlərlə əlaqəli ola bilər. Bununla belə, yalnız şirniyyat istəyinə əsaslanaraq insulin dirənci barədə nəticə çıxarmaq mümkün deyil.
6. Aybaşı pozuntusu və artıq tüklənmə - Qadınlarda aybaşı siklinin nizamsız olması və üzdə, xüsusilə çənə və üst dodaq nahiyəsində sərt tüklərin artması polikistik yumurtalıq sindromu (PKOS) ilə əlaqəli ola bilər. PKOS insulin dirənci ilə tez-tez birlikdə müşahidə edildiyindən bu əlamətlər kompleks şəkildə qiymətləndirilməlidir.
Bu əlamətlərdən bir neçəsini özünüzdə müşahidə edirsinizsə, bunu avtomatik olaraq insulin dirənci kimi qəbul etmək olmaz. Dəqiq səbəbi müəyyənləşdirmək üçün həkim müayinəsi və laborator analizlərdən keçmək vacibdir.
Aydan Hacı
Telegram kanalımız