“Təəssüflər olsun ki, müasir dövrümüzün bəlalarından biri də onlayn mərc oyunlarıdır. Şəxsən şahidi olduğum bir neçə ailə var ki, bu oyunlar səbəbindən bədbəxtliyə düçar olub. Bu yola əl atan, həyatı alt-üst olan gənclər var. Təəssüf ki, belə çətin vəziyyətə düşənlərin bəziləri intihara əl atırlar”.
Bunu “Yeni Sabah”a sosioloq Mail Yaqub deyib.
O bildirib ki, onlayn mərc oyunları ailə münasibətlərinə də ciddi zərbə vurur: Toyuqlu pizza
“Bu aludəçilik insanı ailəsindən, yaxınlarından, hətta bütövlükdə həyatdan soyuda bilər. Bu, həqiqətən də dəhşətli bəladır və çox ciddi asılılıqdır.
Bəs insanı bu yola əl atmağa nə vadar edir? İnsanlar niyə mərc oyunlarına qoşulurlar? Bunun əsas səbəblərindən biri asan yolla pul qazanmaq, varlanmaq istəyidir. Çünki asanlığa meyil etmək, hər şeyi daha az zəhmətlə əldə etmək istəyi insan təbiətinə xasdır. Hər kəs hər şeyin asanını istəyir. Xüsusilə də müasir insan daha hövsələsiz və səbirsiz olub. İnsanlar hər şeyi qısa zamanda əldə etməyə çalışırlar.
Mərc oyunlarına başladıqdan sonra isə insan itirdiklərini geri qaytarmaq istəyir. Uduzduqca öz-özünə düşünür ki, bəlkə bu dəfə şanslı oldu, bəlkə itirdiklərini geri qazandı. Lakin həmin “bəlkə”lər insanı getdikcə daha dərin bir uçuruma aparır. İnsan itirdiklərini qaytarmaq ümidi ilə daha çox riskə gedir və nəticədə vəziyyəti daha da ağırlaşır”.
Sosioloq bildirib ki, ilk növbədə, insan özü düşdüyü vəziyyəti dərk etməlidir:
“Psixoloqlar da bildirirlər ki, zərərli vərdişlərdən qurtulmağın ilkin mərhələsi fərqindəlikdir. İnsan probleminin olduğunu, bu vərdişin ona zərər verdiyini qəbul etməlidir. Yalnız bundan sonra çıxış yolu axtarmağa başlaya bilər.
Daha sonra çətin bir mərhələ başlayır: səbir göstərmək, istəklərə müqavimət göstərmək və bu asılılıqdan uzaqlaşmaq üçün ardıcıl addımlar atmaq. Bu proses hər kəs üçün fərqli ola bilər. Əsas məsələ insanın mübarizədən vaz keçməməsi və lazım gəldikdə peşəkar dəstəyə müraciət etməsidir. Bu yoldan qayıtmaq mümkündür. Hər şey bitmiş deyil, həyat yenidən başlamaq üçün insana fürsət verə bilər. Gənclər bunu bilməli və ümidlərini itirməməlidirlər.
Eyni zamanda, onlar həyatın reallıqlarını da qəbul etməlidirlər. Asan yolla pul qazanmaq hər zaman mümkün deyil. Pul qazanmaq, maddi rifaha nail olmaq təbii istəkdir, lakin insan bu istəyin arxasınca gedərkən özünü və həyatını məhv etməməlidir. Gənclər dərk etməlidirlər ki, mərc oyunları varlanmaq yolu deyil, əksinə, insanı maddi və mənəvi baxımdan tükəndirə bilən ciddi bir təhlükədir”.
Aydan Hacı
Telegram kanalımız