Binaların altındakı   gizli təhlükə - Bakıda 16 min bina...

saytların hazırlanması

Evə çatdırılma

Binaların altındakı gizli təhlükə - Bakıda 16 min bina...

Sosial

26 Aprel 2026 18:15 530


Divarların sökülməsi, konstruksiyaya edilən gizli müdaxilələr və sənədlərdə "ev" kimi görünən, amma əslində mağazaya çevrilən mənzillər hər an partlamağa hazır olan bombanı xatırladır. Birinci mərtəbələrdəki divarların aşırılması bütöv bir binanın sütunlarını sarsıdır və on minlərlə insanın həyatını təhlükəyə atır.

"Yeni Sabah" xəbər verir ki, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, yaşayış sahələrinin müxtəlif yollarla, bəzən isə qanunsuz şəkildə dəyişdirilməsi məsələsi aktualdır:

“Xüsusilə yol kənarında yerləşən və sovet dövründə inşa olunmuş bir çox yaşayış binalarının birinci mərtəbələri sonradan kommersiya obyektlərinə çevrilib. Bu proses zamanı həmin sahələrin ilkin təyinatı, yaşayış funksiyası dəyişdirilir, lakin bəzi hallarda sənədlərdə hələ də yaşayış kimi qalır. Yəni faktiki istifadə ilə hüquqi status arasında uyğunsuzluq yaranır. Bu cür təyinat dəyişikliyi, adətən, konstruktiv müdaxilələrlə müşayiət olunur. Belə ki, arakəsmə divarlar sökülür, bəzən daşıyıcı divarlara müdaxilə edilir, ümumi konstruksiyada dəyişikliklər aparılır. Eyni zamanda, binaların fasadında da müxtəlif dəyişikliklər edilir. Xüsusilə mərkəzi küçələrdə yerləşən binalarda bu hallara demək olar ki, geniş şəkildə rast gəlinir. Şübhəsiz ki, bu cür müdaxilələr binaların dayanıqlığına mənfi təsir göstərir və onların istismar müddətini azaldır. Doğrudur, indiyədək ciddi fəsadlar geniş şəkildə müşahidə olunmayıb, lakin bir ekspert kimi hesab edirəm ki, mövcud vəziyyət ciddi narahatlıq doğurur”.

O deyib ki, Bakı şəhəri ətrafında təxminən 16 min bina mövcuddur:

“Onların böyük əksəriyyətinin istismar müddəti artıq başa çatıb. Xüsusilə “Xruşşovka”, “Stalinka” və digər tip layihəli binalarda bu risklər daha da artır. Bundan əlavə, həmin binaların alt mərtəbələrində aparılan kommersiya fəaliyyəti və onunla bağlı konstruktiv dəyişikliklər ümumi təhlükəsizlik baxımından əlavə risklər yaradır. Bu isə binaların dayanıqlığı və uzunmüddətli istismarı üçün ciddi təhlükə deməkdir. Bu sahədə daha ciddi nəzarət mexanizmləri tətbiq olunmalıdır. Baxmayaraq ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən təxminən bir il əvvəl 1100-ə yaxın binanın qismən qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti qurumlara hesabat təqdim olunub, yenə də potensial təhlükələrin mövcudluğu istisna edilmir. Xüsusilə kommersiya obyektlərinə çevrilmiş yaşayış sahələrinin ayrıca və sistemli şəkildə monitorinqi aparılmalıdır. Bu, həm mövcud risklərin vaxtında aşkarlanması, həm də gələcəkdə mümkün faciələrin qarşısının alınması baxımından olduqca vacibdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!