Bir cümləlik xoşbəxtlik: Unudulmayan sevinc

saytların hazırlanması

Evə çatdırılma

Bir cümləlik xoşbəxtlik: Unudulmayan sevinc

Yazar

06 May 2026 11:33 250


Səhər işə gələndə metroda çoxları kimi mən də sosial mediadan istifadə edirəm. Bəziləri görüntü və videolara üstünlük versə də, mənə daha çox maraqlı gələn müxtəlif yazılar olur. Kimin yazmağından asılı olmayaraq, oxumağa çalışıram. Çünki fikirləşirəm ki, insan hər yazıdan bir şey öyrənir. Təsadüfən “Facebook”da qarşıma bir mətn çıxdı. Bir nəfər ilk aldığı maaşla etdiklərini yazmışdı. Mətnin içində olan bir cümlə xüsusilə diqqətimi çəkdi: “İnsanlara hər zaman sevinc almaq mümkün olmur. Heç milyonu olan insanlar da, ehtiyacı olan şəxslərə sevinc ala bilmir”. 

Həmin an düşündüyüm əsas məsələ sevincin və xoşbəxtliyin nə olduğu haqqında fikirlər oldu. Görəsən sevinc nə deməkdir? Ümumiyyətlə ən son nə vaxt həqiqətən də xoşbəxt və sevincli olduğumu düşündüm. Deyəsən düşüncələrim daha dərin oldu... Lakin anladığım tək şey o oldu ki, insan heç vaxt hansısa bir hadisəyə uşaq olanda sevindiyi kimi ürəkdən sevinə bilmir. Zamanla bütün duyğular kimi sevinc də insan üçün adiləşir...

Balaca olanda atam bizi anamla birlikdə kənddə qoyub işləmək üçün Ukraynaya bibimgilin yanına getmişdi. Çoxumuza məlumdur ki, kənd yerində iş tapmaq bir az çətin məslədir. O vaxtı danışmaq üçün heç telefonumuz da yox idi. Hərdən atam əmisinə zəng vurub bizimlə əlaqə saxlayırdı. Əslində heç onunla telefonla danışdığımı da xatırlamıram. Yadıma gələn tək odur ki, bir dəfə atam bizə məktub yazsın deyə günlərlə ağlamışdım. Bir gün yuxudan oynananda anam sevinə-sevinə yanımıza gələrək demişdi ki, atanız məktub yazıb. Sözün açığı, məktubda nə yazdığı da yadımda deyil. Çünki orada mənə lazım olan və sevincimə səbəb olan tək bir cümlə var idi: “Hamınızı öpürəm, ən çox da qızım Aydanı”. Axı mənə də lazım olan tək bu cümlə idi. Niyə gerisinə qulaq asmalı idim ki? Aylar ərzində dəfələrlə anamdan o məktubu oxumasını istəmişdim. Hər oxunanda isə eyni hisslərlə sevinirdim. Təxminən 2-3 il öncə öyrənmişəm ki, əslində o məktubu yazan da elə anam özü olub... Mən çox ağladığım üçün ürəyi dözməyib. Məncə heç bunu etiraf etmək də lazım deyildi. Çünki həmin o sevinc hissi bəlkə də ömrümün sonuna qədər mənə bəs edərdi. İndi isə acı bir xatirədən başqa bir şey deyil... pizza hut

Atamın geri qayıdacağını biləndə isə hər gün qapının ağzında oturub onu gözləyirdim. Tək düşüncəm o idi ki, hamıdan qabaq mən onu görəcəm, onu ən birinci mən qucaqlayıb öpəcəm. Amma hər dəfə o gələndə məktəbdə olurdum və ən son atamı görən də yenə mən idim. Eybi yoxdur, əsas olan görmək deyildi, əsas olan həmin anda keçirdiyim sevinc və xoşbəxtlik hissi idi.

Bir dəfə atam payızda gəlmişdi. Noyabrın ortaları idi. Yarpaqlar muncuq kimi, rəngarəng formada ağacdan yerə tökülürdü. Həyətimizin düz qabağında alma ağacı var idi. Anam o ağacın altını elə süpürmüşdü ki, sanki payız deyil, yazın ilk günləri kimi yer tərtəmiz görünürdü. Günəşin şəfəqləri ətrafa yayılmışdı. Payızın tək xəbərçisi isə evdə yanan odun peçi idi. Həmin gün qaça-qaça evi çıxıb atamı aylar sonra ilk dəfə görməyin sevincini yaşamışdım...

Bir dəfə atam yenə gedəndə bacımı da özü ilə aparmışdı. Guya əsas məqsədi hamımızı oraya aparmaq idi. Bacım 1-ci sinfə yeni başlayacağı üçün onu aparmaq daha asan idi. Qardaşımla mən isə məktəbdə oxuduğumuz üçün proses bir az çətinləşirdi. Həmin il mən 2-ci sinifdə oxuyurdum. Atam bacımı aparandan bir neçə ay sonra geri qayıtmışdı. Həmin vaxt bacım öz gəlinciyini mənə göndərmişdi. Sarı saçları, mavi üstü zərli donu və mavi ayaqqabısı var idi. Heç vaxt oyuncağım olmadığı üçün bu sevincimi yəqin ki, təsəvvür edə bilirsiniz. Günlərlə, aylarla bezmədən onunla oynayırdım. Müxtəlif paltarlar tikib, hər yerə özümlə aparırdım. Bir gün nənəmgildən qayıdanda gördüm ki, həmin oyuncağım yoxdur. Anamdan nə qədər soruşsam da, görmədiyini dedi. Hər yeri axtarsam da, tapa bilmədim. Onu da günlər sonra əmimgilin həyətində qırıq, sökük vəziyyətdə görmüşdüm. Anam ondan sonra boynuna almışdı ki, çox ağladığı üçün oyuncağımı əmim qızına veribmiş və pis olmayım deyə mənə deməyibmiş. Yəqin həmin ankı kədərimi də təsəvvür etmək çətin deyil.

Ondan sonra böyüdüm. Məktəbi bitirdim, universitetə qəbul oldum, ailə qurdum, övladlarım dünyaya gəldi, işə başladım və daha nələr-nələr. Lakin heç birinin sevinci həmin sevinc hisləri qədər saf və daha səmimi deyildi. İndi düşünəcəksiniz ki, ən azından ana olmaq hissi bütün sevincləri əvəz edə bilər. Bilmirəm, bəlkə də. Lakin düşünürəm ki, o sevinci belə həmin anda dərk edə bilmirsən. Zamanla anlayırsan hər şeyi.

Ümumiyyətlə sevinc və xoşbəxtlik çox qarışıq duyğudur. Hər kəs hissini başqa formada yaşayır. İllərlə arzuladığın bir şeyə qovuşanda yaşadığın sevinc hissi belə zamanla sənin üçün adi bir duyğuya çevrilir. Hətta zamanla özünə “Buna görə bu qədər sevinirdim?” tipli suallar da verməyə başlayırsan. Həmin şeyləri təkrar-təkrar yaşadıqca sənin üçün hər şey öz dəyərinin itirir. Məncə, böyükləri xoşbəxt etmək çox çətindir. Lakin balaca uşaqla yağışın altında oynasan belə onu xoşbəxt edə bilərsən. Əminəm ki, həmin uşağın o andakı sevinci heç vaxt yadından çıxmayacaq.

Yuxarıda qeyd etdiyim daha bir məqam da var: “Heç milyonu olan insanlar da, ehtiyacı olan şəxslərə sevinc ala bilmir”. Bu hissin nə olduğunu yəqin ki, çoxları bilir. Kasıb mərd olur deyirlər. Bu sadə bir ifadə deyil. Böyüklərin gözündə hər şey fərqli görünə bilər. Lakin uşaqlar bütün bunları ən xırda detalına kimi dərk edir. Özünü hər zaman onların yanında dik tutursan. Kiminsə sənə yuxarıdan aşağı baxmasını heç vaxt qəbul edə bilmirsən. Bəzi nəsillər var ki, bir qismi varlıq içində üzür, amma öz bacısının ya qardaşının övladını necə böyütdüyünü görmür. Ümumiyyətlə, burada əsas məsələ pul verib nəyisə satın almaq deyil. Həmin insanlar onları ümumiyyətlə görmür. Yanında olsan belə, əslində orada yoxsan. Baxın həmin o milyonu olan şəxslərdir ki, ehtiyacı olan heç kəsə sevinc belə ala bilmirlər...

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!