Ötən il itkin düşmüş 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürüldüyü müəyyən edilib.
"Yeni Sabah" xəbər verir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb.
İbtidai istintaq zamanı toplanmış sübutlara əsasən, 1994-cü il təvəllüdlü Məmmədov Elnur Həsən oğlunun 2025-ci ilin iyul ayında aralarında yaranmış mübahisə zamanı birgə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən fərdi yaşayış evində anası Lyudmila Timofeyevanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurduğu müəyyən edilib. Marqarita pizza
İstintaqın ilkin məlumatlarına görə, qadın aldığı ağır xəsarətlər nəticəsində ölüb. Daha sonra Elnur Məmmədovun meyiti yaşadıqları evin həyətində basdırdığına dair əsaslı şübhələr müəyyən edilib.
İş üzrə keçirilən prosessual hərəkətlər, o cümlədən hadisə yerinə baxış zamanı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspertlərinin iştirakı ilə evin həyətində qazıntı işləri aparılıb. Nəticədə ərazidən insan skeleti aşkar edilərək götürülüb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Toplanmış sübutlar əsasında Elnur Məmmədov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona ittiham elan edilib.
Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan bildirilib ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması daim diqqətdə saxlanılır və aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər davam etdirilir.
Aytac Əliyeva
Telegram kanalımız