“Crystal Residense” Mənzil-Tikinti Kooperativi (MTK) köhnə yaşayış evinin sökülməsi və mülkiyyətçinin yeni mənzillərlə təmin olunmaqla köçürülməsi tələbi ilə vətəndaş Ruslan Əliyevi məhkəməyə verib.
Plat.az-ın əldə etdiyi məlumata görə, Suraxanı Rayon Məhkəməsinə müraciət edən MTK mənzilin mülkiyyətçisi Ruslan Əliyevin ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsindən çıxarılmasını, evin sökülməsini və yeni mənzillər təhvil verilənədək ona aylıq 750 manat kirayə haqqı ödənilməsini tələb edib.
İş materiallarına əsasən, Ruslan Əliyevin Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən, ümumi sahəsi 90,60 kvadratmetr olan dördotaqlı mənzili xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Marqarita pizza
Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2024-cü il tarixli sərəncamı ilə yerquruluşu planında koordinatları göstərilən 0,20 hektar torpaq sahəsi yaşayış binasının tikintisi məqsədilə “Crystal Residense” MTK-nın icarə əsasında istifadəsinə verilib.
Sərəncama görə, ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri və istifadəçiləri ilə mülki münasibətlər, eləcə də mühəndis-kommunikasiya xətləri və qurğularla bağlı məsələlər qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında həll edilməli idi.
“Crystal Residense” MTK iddia ərizəsində bildirib ki, ərazidə istismar müddətini başa vurmuş və müasir yaşayış tələblərinə cavab verməyən köhnə tikililərin sökülməsi, onların yerində çoxmənzilli yaşayış binalarının inşa edilməsi nəzərdə tutulub.
Kooperativin mövqeyinə görə, ərazidəki digər mülkiyyətçilərin əksəriyyəti ilə köhnə tikililərin təhvil verilməsi və əvəzində yeni binalarda mənzillərlə təmin olunmaları barədə razılıq əldə edilib. Lakin Ruslan Əliyevlə razılığa gəlmək mümkün olmayıb.
İddiaçı qeyd edib ki, mülkiyyətçiyə mövcud 90,60 kvadratmetrlik mənzilinin əvəzinə daha böyük sahəli, təmirli mənzillər verilməsi təklif olunub. MTK ilkin iddia tələbində yeni binanın üçüncü mərtəbəsində yerləşən 120,05 kvadratmetrlik üçotaqlı mənzilin və 66,69 kvadratmetrlik ikiotaqlı mənzilin verilməsini istəyib.
Bundan başqa, yeni mənzillər təhvil verilənədək hər ay 750 manat kirayə haqqının ödənilməsi şərtilə Ruslan Əliyevin ailə üzvləri ilə birlikdə mövcud mənzildən çıxarılması və yaşayış evinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Kooperativin iddiasına görə, mülkiyyətçi əlavə mənzillər və sahələr tələb etməklə tikinti işlərinin başlanmasına mane olur və nəticədə sərəncamın icrası yubadılır.
Ruslan Əliyev iddiaya etiraz edərək mənzilin mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığını və müvafiq çıxarışın mövcud olduğunu bildirib. O, mənzilin texniki pasportunda ümumi sahənin 94,9 kvadratmetr göstərildiyini, ailəsinin altı nəfərdən ibarət olduğunu və evin yerləşdiyi torpaq sahəsindən uzun illər istifadə etdiyini qeyd edib. Mülkiyyətçinin sözlərinə görə, həmin ərazidə abadlıq işləri aparılıb, ağaclar və güllər əkilib, yay mətbəxi və ailənin istirahəti üçün şərait yaradılıb.
Ruslan Əliyev vurğulayıb ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamında daşınmaz əmlakların mülkiyyətçiləri ilə məsələlərin qarşılıqlı razılıq əsasında həll edilməsi nəzərdə tutulsa da, onunla belə razılıq əldə olunmayıb.
Mülkiyyətçi həmçinin digər sakinlərlə bağlanmış müqavilələrin məhkəməyə təqdim edilməsini istəyib. Onun iddiasına görə, daha kiçik sahəli mənzillərin mülkiyyətçilərinə daha böyük sahəli mənzillər təklif edilib və ona münasibətdə bərabərlik prinsipi gözlənilməyib.
O, məhkəmədə bildirib ki, mövcud mənzilinin əvəzinə ümumilikdə 306 kvadratmetr sahəsi olan 3 mənzilin - 2 ədəd 120 kvadratmetrlik üçotaqlı və bir ədəd 66 kvadratmetrlik ikiotaqlı mənzilin verilməsini istəyir.
Eyni zamanda mülkiyyətçi istifadə etdiyi torpaq sahəsini və həmin ərazidə uzun illər ərzində yaratdığı şəraiti nəzərə almağın vacib olduğunu vurğulayıb. Mülkiyyətçi iddiaçının tələbinin onun konstitusion mülkiyyət hüquqlarına müdaxilə olduğunu bildirərək iddianın rədd edilməsini xahiş edib.
Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə, Ruslan Əliyevə məxsus 90,60 kvadratmetrlik mənzilin əvəzinə yeni inşa ediləcək binanın üçüncü mərtəbəsində yerləşən 120,05 kvadratmetrlik üçotaqlı təmirli mənzil və altıncı mərtəbəsində yerləşən 48,87 kvadratmetrlik birotaqlı mənzil veriləcək. Həmçinin məhkəmə yeni mənzillər mülkiyyətçiyə təhvil verilənədək hər ay 750 manat kirayə haqqı ödənilməklə onun ailə üzvləri ilə birlikdə mövcud mənzildən çıxarılmasını və mənzilin sökülməsini qət edib.
Qətnamə ilə razılaşmayan Ruslan Əliyev apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qismən təmin edib. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsini qismən dəyişdirərək, 48,87 kvadratmetrlik birotaqlı mənzilin əvəzinə 66,69 kvadratmetrlik ikiotaqlı mənzilin verilməsinə qərar verib.
Apellyasiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Ruslan Əliyev kassasiya şikayəti verib. O, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş edib. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılıb.
Beləliklə, məhkəmə mübahisəsi üzrə qüvvədə saxlanılan qətnaməyə əsasən, Ruslan Əliyev mövcud mənzilinin əvəzinə yeni binada ümumi sahələri 120,05 və 66,69 kvadratmetr olan iki mənzillə təmin edilməli, yeni mənzillər təhvil verilənədək ona aylıq 750 manat kirayə haqqı ödənilməli və ailə üzvləri ilə birlikdə köhnə mənzildən çıxarılmalıdır.
Qeyd edək ki, ölkədə kommersiya və yaşayış tikintisi, evin tikintisi, yenidən qurulması və abadlaşdırılması ilə məşğul olan “Crystal Residense” MTK-nın qanuni təmsilçisi Hüseynli Vüqar Mövsüm oğludur. Şirkətin 962,42 manat vergi borcu var.
Telegram kanalımız