Azərbaycanda məhkəməyə müraciət edən şəxslərin ödəməli olduğu dövlət rüsumunun məbləği iddianın dəyərindən asılı olaraq dəyişir. Kiçik məbləğli iddialar üçün 30 manat rüsum nəzərdə tutulduğu halda, böyük məbləğli tələblər üzrə bu məbləğ 50 min manatadək yüksələ bilər.
“Yeni Sabah” xəbər verir ki, “Dövlət rüsumu haqqında” qanuna əsasən, qiymətləndirilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tələb olunan məbləğə uyğun hesablanır.
Belə ki, iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Onlayn mağaza
İddianın məbləği 1000 manatdan 10 min manatadək olduqda 30 manat və 1000 manatdan artıq hissənin 1 faizi tutulur.
10 min manatdan 100 min manatadək olan iddialar üzrə rüsum 120 manat və 10 min manatdan artıq hissənin 0,3 faizi həcmində müəyyən edilir.
İddianın qiyməti 100 min manatdan 1 milyon manatadək olduqda 390 manat və 100 min manatdan artıq hissənin 0,1 faizi ödənilir.
Bir milyon manatdan artıq iddialar üzrə isə 1290 manat və bu məbləği aşan hissənin 0,05 faizi hesablanır. Bu halda dövlət rüsumunun ümumi məbləği 50 min manatı keçə bilməz.
Məsələn, 50 min manatlıq iddia üzrə 240 manat, 200 min manatlıq iddia üzrə isə 490 manat dövlət rüsumu ödənilməlidir.
Qeyd edək ki, qanunvericilikdə müəyyən kateqoriyadan olan şəxslər və iddialar üçün dövlət rüsumundan azadolmalar da nəzərdə tutulub. Bu səbəbdən məhkəməyə müraciət etməzdən əvvəl konkret iş üzrə güzəştlərin tətbiq edilib-edilmədiyini araşdırmaq vacibdir.
Beləliklə, məhkəməyə müraciət zamanı ödəniləcək dövlət rüsumu tələb olunan pulun və ya əmlakın dəyərinə uyğun müəyyənləşdirilir.
Aytac Əliyeva
Telegram kanalımız