28 May - 17:43
“Boz kardinal” saralıb

“Boz kardinal” saralıb

Digər

22 Yan 2022 11:15


Sabiq deputatlardan biri danışıb. Dediyinə görə, parlamentin üzvü olanda ən böyük arzusu heç olmasa bir dəfə Ramiz Mehdiyevin qəbuluna düşmək imiş. Beş il ərzində nə qədər çalışsa da, buna nail ola bilməyib. Bütün cəhdlərinə rəğmən, “Boz kardinal”ın ətrafındakı təhlükəsizlik çəmbərini yarmaq ona qismət olmayıb.

Oxşar sözləri başqa tanınmışlardan da eşitmişəm. Hətta bir dəfə buna görə mübahisəmiz də düşüb. Mehdiyevin qəbuluna düşə bilmədiyi üçün fərsiz adlandırdığım keçmiş deputatlardan birinin reaksiyası belə olmuşdu: “Bizim başçı 3 gün yalvarandan sonra cəmi 3 dəqiqəliyə onun yanına girə bilirdi”.

Təəccüblə üzünə baxdığımı görəndə belə demişdi: “Özü istəməsə, heç kim onun qəbuluna düşə bilməz. Deputatın həddi nə idi ki, Mehdiyevin vaxtını alsın. Adamın canını alardı”.

Mübaliğəsiz belə idi. “Ağ Evdə” isti otaqda oturan Ramiz müəllimin soyuq üzünü görmək hamıya nəsib olmurdu. O, vəzifə eşqi ilə alışıb-yanan adamları bir gündə dağın başına qaldırır, istədiyi vaxt da ordan üzüaşağı dığırlaya bilirdi. Mehdiyev əvvəlki vəzifəsində olanda çox adamın tifağını dağıdıb, çırağını söndürüb. Köhnə jurnalistlər sözlərimi təsdiq edərlər. YAP-çı deputatlar qorxularından heç vaxt onun adını çəkmirdilər. On-on beş il əvvəl Milli Mətbuat Günü münasibətilə təşkil olunan tədbirdə içib sərxoş olan bir millət vəkilindən bunun səbəbini soruşanda belə cavab verdi: “Onun adını çəkmək bizə qadağan olunub”.

İndi başqa əyyamdır. Canında “Boz kardinal”ın xofu olan adamlar razılaşsa da, razılaşmasa da Mehdiyevin qatarı çoxdan gedib. Hətta özü də bunun fərqindədir. Neçə vaxtdır qatarın arxasınca boylana-boylana qalıb.

AMEA prezidenti də balaca vəzifə deyil. O, qatarı çoxdan getmiş adam olsa da, hələ də tabeliyində minlərlə insan çalışır. Hələ də hökm etdiyi adamlar var. Amma hökmü əvvəlki kimi güclü deyil. İndi heç kim Mehdiyevin qəbuluna düşməyə can atmır, əksinə, insanlar yavaş-yavaş onun qəbuluna düşməkdən, onunla görüşməkdən imtina edirlər. 

Biz ötən gün AMEA-nın Tarix İnstitutunun direktoru Kərim Şükürovun timsalında bunun şahidi olduq. Mehdiyevin “sağ əli” İsa Həbibbəyli iki gündür Şükürovun arxasınca düşsə də, gözəl alim, prinsipial insan olan Kərim müəllim onunla və AMEA prezidenti ilə görüşməkdən imtina edir. Əksəriyyətimizdən savadlı adam olan Kərim müəllim çox gözəl başa düşür ki, Ramiz Mehdiyevin Azərbaycan elminə verəcəyi heç nə qalmayıb. Əsl elm adamının onun yanında işi ola bilməz. Yəqin ki, proses elə bu cür də davam edəcək. Özünə hörmət edən adamların hamısı Mehdiyev olduğu yerdən gedəcək. Dedik axı, Mehdiyevin qatarı çoxdan gedib…

“Boz kardinal” saralıb. Bu isə heç də yaxşı əlamət deyil…

Seymur VERDİZADƏ

 


Youtube kanalımız


Digər xəbərlər