Bu gün 27 mindən çox abituriyent imtahan verəcək

Bu gün 27 mindən çox abituriyent imtahan verəcək

Sosial Veb saytların hazırlanması

02 Aprel 2023 09:40 495


Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən bir sıra imtahanlar keçiriləcək.

Yenisabah.az xəbər verir ki, imtahanlarda 27 mindən çox abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

Sözügedən imtahanlar aşağıdakılardır:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçiriləcək.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də keçiriləcək.

Bu imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanlar saat 11:00-da başlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!