Bu xəstəlikdən 3 aya qurtulmaq mümkündür -   Nazirlik açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Bu xəstəlikdən 3 aya qurtulmaq mümkündür - Nazirlik açıqladı

Sağlamlıq

31 Oktyabr 2026 21:53 221


Virus hepatitlərindən qorunmaq üçün peyvənd, şəxsi gigiyena və tibbi təhlükəsizlik qaydalarına riayət etmək vacibdir. Hepatit B və C-nin müalicəsi, yoluxma yolları və cəmiyyətdə bu xəstəliklərlə bağlı yayılan yanlış fikirlər barədə məlumat verilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hepatit A və B-yə qarşı ən effektiv qorunma üsullarından biri peyvənddir. Hepatit B əleyhinə vaksinasiya dövlətin tətbiq etdiyi peyvənd təqviminə daxildir. Bununla yanaşı, şəxsi gigiyena qaydalarına əməl etmək, yalnız birdəfəlik və ya steril tibbi alətlərdən istifadə etmək, kosmetik prosedurları etibarlı müəssisələrdə etdirmək və təsadüfi cinsi münasibətlərdən çəkinmək tövsiyə olunur. Toyuqlu pizza

Valideynlər uşaqlarının vaxtında peyvənd olunmasına xüsusi diqqət yetirməli, risk qrupuna daxil olan şəxslər isə mütəmadi olaraq skrininq müayinələrindən keçməlidirlər.

Məlumatda hepatitlərin müalicə imkanlarına da toxunulub. Qeyd edilib ki, Hepatit B virusunu hazırda tamamilə bədəndən yox etmək mümkün olmasa da, müasir antiviral preparatlar vasitəsilə onun çoxalmasını dayandırmaq və qaraciyərin zədələnməsinin qarşısını almaq mümkündür.

Hepatit C isə birbaşa təsir edən müasir antiviral preparatlarla əksər hallarda tam müalicə olunur. Müalicə nəticəsində virus 2-3 ay ərzində halların 99 faizində orqanizmdən təmizlənə bilər.

Səhiyyə Nazirliyi cəmiyyətdə virus hepatitləri ilə bağlı bir sıra yanlış fikirlərin yayıldığını da diqqətə çatdırıb. Belə ki, Hepatit C-nin ömürlük və sağalmaz xəstəlik olduğu barədə düşüncə həqiqəti əks etdirmir. Müasir müalicə üsulları bu xəstəlikdən tam sağalmağa imkan verir.

Digər yanlış fikir isə Hepatit B-nin yalnız narkotik vasitələrdən istifadə edən şəxslərdə rast gəlindiyi ilə bağlıdır. Halbuki virus steril olmayan tibbi və kosmetik alətlər, stomatoloji müdaxilələr və qanla təmas zamanı da ötürülə bilər.

Həmçinin Hepatit A və B-nin eyni xəstəlik olduğu düşünülür. Halbuki Hepatit A əsasən çirklənmiş qida və su vasitəsilə yayılır, xroniki formaya keçmir. Hepatit B isə qan və digər yoluxmuş bioloji mayelərlə ötürülə və xronikləşə bilər.

Nazirlik bitki çayları və pəhriz vasitəsilə Hepatit C virusunu orqanizmdən tamamilə təmizləməyin mümkün olmadığını da vurğulayıb. Bildirilib ki, virusun aradan qaldırılması üçün antiviral müalicə tələb olunur.

Sonda əhaliyə mütəmadi müayinələrdən keçmək, peyvəndlərlə qorunmaq və xəstəlik aşkarlandıqda vaxtında həkimə müraciət etmək tövsiyə olunub. Nazirliyin əsas mesajı isə belədir: virus hepatitlərində gecikdirilmiş diaqnoz daha böyük təhlükə yaradır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!