Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir.
“Yeni Sabah” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə “Facebook” səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də, real statistik göstəricilər ölkə turizminin sürətlə zəiflədiyini göstərir. pizza
İqtisadçı bildirib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstana 6,1 milyon beynəlxalq ziyarətçi gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artım deməkdir. Həmin müddətdə ölkənin turizm gəlirləri 4,4 faiz artaraq 3,8 milyard dollara çatıb. Gürcüstanda otellərin orta doluluq səviyyəsi 67 faiz, Batumidə 84 faiz, Tbilisidə isə 79 faiz təşkil edib.
N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda isə vəziyyət fərqlidir. Belə ki, ölkəyə gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq 1,8 milyon nəfərə düşüb. Otellərin orta doluluq səviyyəsi isə cəmi 23 faiz olub.
İqtisadçı qeyd edib ki, rəsmi göstəricilərə əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana gələn xarici vətəndaşlar ümumilikdə 1 milyard 873,3 milyon manat vəsait xərcləyiblər. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz azdır.
Natiq Cəfərli turizm sektorundakı geriləmənin əsas səbəblərindən biri kimi quru sərhədlərinin bağlı qalmasını göstərib. O bildirib ki, problemin həlli yeni dövlət proqramlarının qəbulu ilə deyil, real addımların atılması ilə mümkündür.
İqtisadçı hesab edir ki, regiona gələn turist axınından faydalanmaq üçün Azərbaycanın quru sərhədləri açılmalı, Gürcüstana gələn turistlərin ölkəmizə də rahat keçidini təmin edən birgə turizm paketləri hazırlanmalıdır.
O, Ermənistanın bu istiqamətdə daha uğurlu siyasət apardığını vurğulayıb. Bildirib ki, Gürcüstana gələn xarici turistlərin quru yolu ilə Ermənistana rahat və ucuz səfər edə bilməsi son üç ildə qonşu ölkəyə turist axınının artmasına şərait yaradıb.
N.Cəfərli əlavə edib ki, Azərbaycan turizm sahəsində yerində saydığı halda, Gürcüstan ildə bu sektordan 6-7 milyard dollar gəlir əldə edir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız