Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan bir qrup tələbənin imtahan suallarının onlara əvvəlcədən verilənlərlə fərqli olduğu ilə bağlı tələbi müzakirə edilir.
Tələbələr iddia edirlər ki, İngilis dili fənnindən öncədən onlara imtahan sualları verilsə də, imtahan zamanı həmin suallar soruşulmayıb. Bu səbəbdən tələbələrin bir çoxu ya imtahandan kəsilib, ya da aşağı nəticə əldə edib.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Gülnar Orucova bir neçə tələbənin ona bu haqda müraciət ünvanladığını bildirib. Toyuqlu pizza
O, qeyd edib ki, bununla tələbələrə əlavə stress və psixoloji gərginlik yaşadılır:
"Həqiqətən uşaqlara çox əziyyət verirlər. Bununla bağlı mənə də tələbələr müraciət edir. Onlar deyir ki, rəsmən tələbələri kəsirlər. Onların dilindən eşitdiyim budur ki, ingilis dili imtahanında şikayət məktubu yazılması və orada bəzi xüsusi sözlərdən istifadə olunması tələb edilir, daha sonra yazılan sözlərin səhv olduğu bildirilərək tələbələr ya kəsilir, ya da çox aşağı ballar alırlar. Azərbaycan Dövlət İqtisad Universiteti tələbələri çox sıxışdırır. Mən düşünürəm ki, bir imtahanı bu dərəcədə çətin etmək doğru deyil. Tələbələr çox böyük stress yaşayır, rəsmən həyatla çəkişirlər, bütün günü "imtahandan kəsilsəm nə olacaq" qorxusu ilə yaşayırlar. UNEC isə bu barədə heç nə danışmır, məsələni izah etmək istəmir. Elə düşünürlər ki, imtahanı bu qədər çətin etməyə haqları var. Bu düzgün deyil, tələbələr artıq sosial şəbəkələrdə bu haqda boy-boy statuslar paylaşırlar. Tələbələrə bu qədər stress yaşatmağa nə gərək var? Onlar ingilis dili müəllimidirmi? Yaxud tələbələrin hamısı İngiltərədəmi işləyəcək? Sualları Azərbaycan səviyyəsində salmaq lazımdır. İmtahana akademik səviyyədə elə suallar salırlar ki, mən belə baxanda şoka düşürəm".
Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici dillər” kafedrasının müdiri, professor Afət Abbasova ilə əlaqə saxladıq.
Kafedra müdirinin sözlərinə görə, UNEC digər dövlət universitetlərindən fərqli olaraq, xarici dilə xüsusi önəm verir və ingilis dili 4 fərqli bacarıq üzərindən öyrədilir:
"Biz universitet olaraq 2016-2017-ci tədris ilindən xarici dil tədrisinin qarşısında bir hədəf qoyduq və birbaşa rektorun təşəbbüsü və təşkilatçılığı ilə xarici dilin tədrisinə çox böyük önəm verildi. Ulu öndərin də dediyi kimi, universitetlər Azərbaycanda xarici dili, öz peşəsini bilən, yüksək dünyagörüşlü mütəxəssislər hazırlamalıdır. Biz o gündən bəri bütün dövlət universitetlərində fərqli olaraq, xarici dili 4 bacarıq üzrə - "Listening", "Speaking", "Reading", "Writing" tədris edirik. Bu ildən də yenilik olaraq tələbələr oxuma və dinləməni testlə keçirlər, daha sonra yazı üzərində imtahan olur, burada da öncədən verilmiş, sillabusda öz əksini tapmış məktub yaxud da B1 səviyyəsində inşa yazmaq tələb olunur. Bundan sonra onlar şifahi nitq imtahanına daxil olurlar. Bu da dövlət universitetləri arasında bir ilk idi. Şifahi nitq imtahanı zamanı komissiya təşkil olunur və tələbə gəlib həmin komisiyyanın qarşısında suallara cavab verir. Verilən suallar da sillabusda öz əksini tapan mövzular ətrafında olur və imtahan prosesi həm kameraya çəkilir, həm də diktofona yazılır. Tələbəyə ekranda bir şəkil göstərilir və akademik sözlər istifadə etməklə onu təsvir edir".
Afət Abbasova tələbələrin sualların öncədən onlara verilməməsi ilə bağlı iddiasının tamamilə yanlış olduğunu qeyd edib. O, rəsmi məktub nümunələrinin tələbələrə imtahandan öncə verildiyini bildirib:
"Tələbələr fevral ayından bilir ki, semestrin sonunda imtahan zamanı 120-150 sözdən ibarət rəsmi məktub yazacaqlar. Burada söhbət şikayət edən tələbələrin bilik səviyyədən gedir. Onu da qeyd edim ki, biz 2 ildir ki, hər tələbənin bilik və bacarıqlarına uyğun olaraq onları qruplarda yerləşdiririk. Zəif bilən tələbələr A1 səviyyəsinə gəlirlər, daha sonra şifahi imtahan verirlər və müəyyən balı toplayanlar A2 səviyyəsinə gəlirlər. Yəni zəif tələbə ilə güclü tələbə eyni qrupda oturmur. Bütün dövlət universitetlərinin içində yeganə bunu edən də məhz UNEC-dir.
Bizdə birinci kursun ikinci semestrində həm A2 səviyyəli, həm də B1 səviyyəli - daha üstün ayrı qruplar var. Nəyə görə B1 səviyyəli tələbələr 200 sözdən ibarət inşa yazdıqda şikayət etmirlər, amma A2 səviyyəli tələbələr şikayət edirlər? Öncədən - fevral ayının 16-dan tələbə bilir ki, rəsmi məktub yazacaq, hətta biz tələbəyə hansı mövzuda məktub yazacağını da deyirik. Onlara bunu nümunə kimi veririk. Məsələn, bir iaşə obyekti haqda şikayət yazacağı, yaxud işə qəbul ərizəsi yazacağı nümunə kimi göstərilir.
Əgər tələbə bütün ilboyu şikayət məktubunun formatını, strukturunu bilirsə, imtahanda hara müraciət edərək şikayət məktubu yazmağının bir fərqi yoxdur. Tələbə bunu bilirsə, sözləri bilirsə, niyə rəsmi məktubu yaza bilməsin? Mənim özümün Rus İqtisad Məktəbində qrupum var. Tələbələrimlə əlaqə saxladım və vəziyyəti soruşdum. Problemin olmadığını, göstərilən nümunələr əsasında yazdıqlarını bildirdilər.
Bu imtahanda qeyri-qanuni heç nə yoxdur, "qəsdən bizi kəsirlər" iddiası isə tamamilə yanlışdır. Şikayət edənlərin çoxu kafedraya, mənim yanıma gəlməyiblər. Kim mənim yanıma gəlibsə, oturub onlara bir-bir izah etmişik. Biz əzbərçiliyin qarşını almaq üçün ənənəvi üsullarla imtahandan imtina etdik. Hesab edirəm ki, biz düzgün yoldayıq. 3200 tələbə imtahan verib, onlardan 3000-i normal yazı yazıb. Bizim məqsədimiz şəffaflığı təmin etmək, tələbələrin biliyini, səriştəsini artırmaqdır".
Əsmətxanım Rzazadə
Telegram kanalımız