Keniyada yüzlərlə insanın ölümünə səbəb olan dini təriqətin rəhbəri Pol Makkenzi 200 il müddətinə azadlıqdan məhrum edilib. O, tərəfdarlarını cənnətə gedəcəkləri vədi ilə ac qalmağa məcbur edərək onların ölümünə səbəb olmaqda təqsirli bilinib.
“Yeni Sabah” xəbər verir ki, Keniyada ölkə tarixinin ən böyük kütləvi ölüm hadisələrindən biri hesab olunan Şakahola meşəsi faciəsi ilə bağlı məhkəmə qərarı açıqlanıb. “Good News International” kilsəsinin qurucusu Pol Makkenzi 191 nəfərin ölümü ilə bağlı təqsirli bilinərək 200 il həbs cəzasına məhkum edilib. Onunla yanaşı, daha 20-dən çox şəxs barəsində də hökm çıxarılıb.
Makkenzi dünyanın 2023-cü ilin avqustunda sona çatacağını və cənnətə getmək istəyənlərin oruc tutmalı olduğunu iddia edirdi. O, bu fikirləri ilə tərəfdarlarını evlərini tərk edərək Keniyanın şərqində yerləşən Şakahola meşəsinə köçməyə inandırıb. Təriqət rəhbəri insanları ac qalmağın onları Allaha yaxınlaşdıracağına və xilas edəcəyinə inandırırdı. Məhkəmə Makkenzinin bu çağırışları və təriqət üzvləri üzərindəki təsiri nəticəsində çoxsaylı insanın ölümünə səbəb olduğu qənaətinə gəlib. Onlayn mağaza
CNN-in məlumatına görə, Mombasa Ali Məhkəməsi Makkenzini aclıq nəticəsində baş verən ölümlərə görə 100 il, birbaşa qətllərə görə isə əlavə 100 il həbsə məhkum edib. Hakim Diana Kavedza ölüm hökmünün niyə verilmədiyini də açıqlayıb. O bildirib ki, təriqət üzvləri ölümlə İsaya qovuşacaqlarına inandırılıblar. Buna görə də ölüm hökmünün icrası həmin inancı daha da gücləndirə bilərdi. Məhkəmənin məlumatına əsasən, ölən 191 nəfərdən 183-ü aclıq nəticəsində həyatını itirib. Onlardan 182-si uşaq olub. Digər 8 uşaq isə boğulma, boğazlarının sıxılması və döyülmə nəticəsində ölüb.
Qurbanların 161-nin 9 yaşında və ya daha kiçik olduğu bildirilib.
Məhkəmə prosesi zamanı ortaya çıxan faktlar təriqət üzvlərinin davamlı təzyiq altında saxlanıldığını göstərib. Məhkəmə müəyyən edib ki, onların hərəkətləri nəzarətdə saxlanılıb, oruc tutmaqdan imtina edənlər buna məcbur edilib. Xüsusilə uşaqların yemək yeməyə və ya qaçmağa cəhd göstərdikləri halda cəzalandırıldığı üzə çıxıb. Şakahola meşəsində kütləvi ölümlər üzə çıxdıqdan sonra 2023-cü ilin aprelində axtarış və qazıntı işlərinə başlanılıb. İndiyədək ərazidə 400-dən çox insanın cəsədi aşkarlanıb. Yaxınlarını itirən ailələr ağır həbs cəzasına baxmayaraq, yaşadıqları ağrının bitmədiyini bildiriblər.
Rəsmilər meşədə aşkar edilən digər cəsədlərlə bağlı araşdırmaların davam etdiyini və istintaq çərçivəsində yeni ittihamların irəli sürülə biləcəyini açıqlayıblar.
Əsmətxanım Rzazadə
Telegram kanalımız