Hazırda ali məktəblərə ixtisas seçimi mərhələsi davam edir. Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu proseslə bağlı abituriyentlərə tövsiyələr verib.
“Yeni Sabah” xəbər verir ki, DİM sədri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
M.Abbaszadə bildirib ki, abituriyentlər ixtisas seçimi ilə bağlı ödənişli xidmət almağa tələsməməlidirlər. Onun sözlərinə görə, DİM-in Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində abituriyentlərə ödənişsiz dəstək göstərilir. Marqarita pizza
“Xidmətin ödənişsiz olması onun yalnız ümumi məlumat verməsi demək deyil. Əksinə, məsləhətlər hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasında olan göstəricilər əsasında verilir”, - deyə DİM sədri qeyd edib.
O vurğulayıb ki, ixtisas seçiminə başlamazdan əvvəl abituriyentlər özlərinə bir neçə vacib sual verməlidirlər: “Mən əslində nə istəyirəm?”, “Nəticəm mənə hansı seçimləri etməyə imkan verir?”, “Bu ilin statistik göstəriciləri hansı ehtimalları göstərir?”, “Seçimimin hansı məsuliyyətini öz üzərimə götürməyə hazıram?” və “Əsas seçimim baş tutmasa, alternativim nədir?”
Məleykə Abbaszadə qeyd edib ki, ixtisas seçimi yalnız “hara qəbul ola bilərəm?” sualından ibarət deyil. Bu prosesdə abituriyentin istəyi, nəticəsi, real imkanları və alternativləri birlikdə nəzərə alınmalıdır.
DİM sədri abituriyentləri qəbul olunacaqları ilə bağlı zəmanət verən şəxslərə də inanmamağa çağırıb:
“Heç kim sizə müəyyən ixtisasa qəbul olunacağınıza zəmanət verə bilməz. Kimsə sizə “keçid balları ilə bağlı məndə xüsusi məlumat var”, “nəticəni əvvəlcədən bilirəm” və ya buna bənzər vədlər verirsə, buna inanmayın”.
O bildirib ki, qəbul prosesi ilə bağlı rəsmi məlumatlar açıqdır və hər kəs üçün əlçatandır. Heç kimin digərlərinin çıxışı olmayan “gizli keçid balı” və ya qəbul nəticəsini əvvəlcədən müəyyən edən məlumatı yoxdur.
M.Abbaszadənin sözlərinə görə, Abituriyent Məsləhət Mərkəzlərinə yalnız ilk gün ərzində 5 mindən çox müraciətin daxil olması bu xidmətə olan ehtiyacı göstərir.
DİM sədri abituriyentlərə ixtisas seçimi zamanı qərarlarını qorxu, tələskənlik və zəmanət vədləri ilə deyil, rəsmi məlumat və düzgün təhlil əsasında verməyi tövsiyə edib.
Aytac Əliyeva
Telegram kanalımız