Əhdinə sadiq qalan şəhid - Sadiq Baxışov...

saytların hazırlanması

Evə çatdırılma

Əhdinə sadiq qalan şəhid - Sadiq Baxışov...

Sosial

23 İyul 2024 16:24 705


Şəhid olanda cəmi 18 yaşı vardı. 

18 yaş nədir ki... Yeniyetməliyin sonu, gəncliyin ilk baharı... 

Amma təmkinli idi. Onu min bir əziyyətlə böyüdən ailəsini nigaran qoymaq istəmirdi. Hər dəfə telefonla danışanda səsi gur gəlirdi. Sonuncu dəfə oktyabrın 15-də anası ilə danışmışdı. Ana oğlundan harada olduğunu soruşmuşdu. Yerini deməmişdi. Qəlbi param-parça olan anasını intizarda qoymaq istəməmişdi. Sağollaşanda cəmi ikicə kəlmə demişdi: "Zəfərlə qayıdacağıq".  Dominos pizza

Sadiq Baxışov 2 dekabr 2001-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olub. O,  2020-ci ilin yanvarından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. 

Azərbaycan Ordusunun əsgəri olan Sadiq Baxışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Sadiq Baxışov 28 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Baxışov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Baxışov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Anası Xuraman Baxışova kasıbçılıqla böyütdüyü övladını belə gənc yaşlarında itirsə də, qürurludur. Deyir, alnım açıqdır:

“Vətən üçün son damla qanına qədər döyüşən, xeyirli, qəhrəman övlad yetişdirdiyim üçün fəxr edirəm”.

Sadiq şəhid olacağını bilirdi. Bunu onun dostları, yaxın qohumları deyirlər. Hərbi xidmətə getməzdən öncə dostlarına, qohumlarına deyib ki, onun qismətinə şəhidlik yazılıb...

Hissləri onu aldatmadı, Sadiq şəhid oldu. O, qismətinə yazılanları yaşadı. Amma o, həm də Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinin yazılmasında yaxından iştirak etdi. Həmin səhifə Sadiq kimi igiidlərin, canı, qanı bahasına yazıldı. Özləri aramızda olmasalar da, yaratdıqları tarix əbədiyyətə kimi yaşayacaq...

Ruhun şad olsun, əhdinə sadiq qalan Sadiq! 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!