Milli Məclisin plenar iclasında çıxış edən deputat Fazil Mustafa dünyanın əksər ölkələrində ekoloji təmiz nəqliyyat vasitələrinə keçidi sürətləndirmək və elektrik avtomobillərinin alışını stimullaşdırmaq məqsədilə vergi güzəştlərinin tətbiq olunduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentari qeyd edib ki, bu siyasətin əsas hədəfi elektrik avtomobillərinin istehsalını və istifadəsini genişləndirmək, ənənəvi daxiliyanma mühərrikli nəqliyyat vasitələrini isə tədricən bazardan sıxışdırıb çıxarmaqdır.
Müqayisəli təhlil aparan deputatın sözlərinə görə, yalnız öz daxili istehsal bazarını qorumaq istəyən azsaylı avtomobil istehsalçısı ölkələr idxala məhdudlaşdırıcı vergilər tətbiq edirlər ki, bu da onların yerli sənaye strategiyasına uyğundur. Sərfəli qiymətə məhsullar
Azərbaycandakı mövcud vəziyyətə toxunan F.Mustafa ötən ilə qədər elektrik avtomobillərinin ölkəyə idxalının vergidən azad olduğunu, lakin cari ildən etibarən həmin güzəştlərin məhdudlaşdırıldığını diqqətə çatdırıb. O vurğulayıb ki, bu qərar ölkənin iqtisadi imkanlarına və avtomobil bazarına ciddi təsir göstərəcək.
Parlamentarinin qənaətincə, yeni vergilərin tətbiqi ölkəyə gətirilən elektrik avtomobillərinin qiymətlərinin yüksəlməsinə yol açır və artıq bazarda bu bahalaşma müşahidə olunmaqdadır. Deputat əlavə edib ki, nəticə etibarilə bu addım idxal olunan elektrik avtomobillərinin sayının azalmasına səbəb olacaq, eyni zamanda tətbiq edilən vergi dövlət büdcəsinə əhəmiyyətli həcmdə əlavə gəlir gətirməyəcək.
Nazim Hacıyev
Telegram kanalımız