Azərbaycan vətəndaşları İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən istifadə edə bilərlər. Bunun üçün icbari tibbi sığortanın tətbiq olunduğu dövlət tibb müəssisələrinə müraciət etmək və yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər də icbari tibbi sığorta haqqı ödədikləri halda, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşayış icazəsi vəsiqəsi ilə tibbi xidmətlərdən yararlana bilərlər. Dördpendirli pizza
İxtisaslı həkim müayinəsindən sonra diaqnostik müayinələrə ehtiyac yarandıqda, vətəndaşa göndəriş verilir. Xidmətlər Zərfinə laborator, funksional-diaqnostik və instrumental müayinələr daxildir.
MRT və KT müayinələri üzrə isə müştərək maliyyələşmə tətbiq olunur. Belə ki, vətəndaş ambulator şəraitdə bu müayinələrdən keçərkən Xidmətlər Zərfində müəyyən edilmiş tarifin 20 faizi həcmində ödəniş etməlidir.
Tibbi müayinələrdən sonra ehtiyac yarandıqda vətəndaşa ambulator və ya stasionar şəraitdə müalicə təyin edilir. Təcili və təxirəsalınmaz tibbi yardım, xəstəxanada yatış zamanı istifadə olunan dərman və tibbi sərf materialları, eləcə də gündəlik qidalanma icbari tibbi sığorta hesabına ödənişsiz qarşılanır.
Xidmətlər Zərfi çərçivəsində bir sıra həyati vacib və yüksəkdəyərli əməliyyatlar da həyata keçirilir. Bunlara baş beyin və beyin qişalarında aparılan əməliyyatlar, ürək-damar əməliyyatları, aorta-koronar şuntlama, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, minimal invaziv kardiocərrahi əməliyyatlar, göz əməliyyatları, koxlear implantasiya, endoprotezləşdirmə və orqan transplantasiyası daxildir.
Vətəndaşa tələb olunan tibbi xidmət dövlət tibb müəssisəsində göstərilə bilmədikdə isə həmin şəxs xidmətin göstərilməsi mümkün olan digər dövlət və ya müqaviləli özəl tibb müəssisəsinə göndərilir.
Dövlət tibb müəssisəsinin özəl tibb müəssisəsinə təqdim etdiyi göndəriş vərəqəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 24 saat ərzində təsdiqlənir. Təsdiqdən sonra vətəndaşa SMS vasitəsilə birdəfəlik kod göndərilir.
Vətəndaş SMS-i aldıqdan sonra təqdim olunan linkə daxil olaraq Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri ilə tanış ola və müraciət etmək istədiyi xəstəxananı seçə bilər. Bununla belə, tələb olunan tibbi xidmətin həmin müəssisədə göstərilib-göstərilmədiyini əvvəlcədən xəstəxana ilə əlaqə saxlayaraq dəqiqləşdirmək tövsiyə olunur.
Nazirlik vətəndaşlara xəbərdarlıq edib ki, özəl tibb müəssisəsində xidmət almaq üçün SMS-lə göndərilən göndəriş kodu fərdi məlumatdır və yalnız müraciət ediləcək özəl xəstəxanaya təqdim olunmalıdır.
Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 iş günüdür. Dövlət tibb müəssisəsi tərəfindən təqdim olunan göndəriş Agentlik tərəfindən təsdiqlənmədikdə isə imtinanın səbəbi barədə vətəndaşa SMS bildirişi göndərilir.
Aytac Əliyeva
Telegram kanalımız