“Mal ətinin bahalaşmasının əsas səbəblərindən biri heyvandarlıqda istehsal xərclərinin artmasıdır. Yem, xüsusilə arpa, qarğıdalı və digər yem komponentlərinin, həmçinin baytarlıq xidmətləri, daşınma və digər xərclərin bahalaşması fermerin maya dəyərini yüksəldir. Digər tərəfdən, yerli mal-qaranın sayının və ətlik heyvandarlığın inkişaf tempinin tələbatı tam qarşılamaması da qiymətə təsir edir”.
Bunu “Yeni Sabah”a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, idxaldan asılılığın artması və xarici bazarlarda ətin bahalaşması da daxili bazarda qiymətləri yuxarı çəkə bilər:
“Burada təkcə satıcının qiyməti artırması ilə izah etmək düzgün olmaz; əsas məsələ məhsulun maya dəyərinin və bazara daxilolma xərclərinin yüksəlməsidir. pizza
Sümüklü ətin 19 manata, sümüksüz ətin isə 23 manata çatması ailələrin ətə ayırdığı büdcəni artıracaq. Xüsusilə orta və aşağı gəlirli ailələr daha az miqdarda ət almağa, alışları seyrəltməyə və daha ucuz məhsullara keçməyə məcbur ola bilərlər. Bu, adambaşına ət istehlakının azalmasına və gündəlik qida səbətində ətin payının aşağı düşməsinə səbəb ola bilər.
Mal ətinin bahalaşması digər ət məhsullarına da müəyyən qədər təsir göstərə bilər. Mal əti bahalaşdıqda istehlakçıların bir hissəsi qoyun və quş ətinə yönəlir. Tələb artarsa, bu məhsulların qiymətində də yüksəliş yarana bilər. Lakin quş ətinin istehsal imkanları daha geniş olduğuna görə onun qiymətinin mal əti ilə eyni sürətlə artması mütləq deyil. Əksinə, mal ətinin bahalaşması bəzi istehlakçıları daha ucuz alternativlərə yönəldərək digər məhsullara tələbi artıra bilər”.
A. Nəsirli ət bazarında qiymətlərin aşağı düşməsi üçün ilk növbədə yerli heyvandarlığın maya dəyərinin aşağı salınmasının vacibliyini diqqətə çatdırıb:
“Fermerin keyfiyyətli və nisbətən ucuz yemlə təmin olunması, yem istehsalının genişləndirilməsi, damazlıq heyvandarlığa dəstəyin artırılması və baytarlıq xidmətlərinin yaxşılaşdırılması vacibdir. Eyni zamanda, ət idxalı üzrə bazarda sağlam rəqabət qorunmalı, süni qiymət artımının qarşısının alınması üçün topdansatış və pərakəndə zəncirə nəzarət gücləndirilməlidir. Əsas məqsəd qiyməti inzibati yolla aşağı salmaq deyil, istehsal və satış xərclərini azaltmaq olmalıdır.
Yaxın aylarda mal ətinin daha da bahalaşması ehtimalını tam istisna etmək olmaz. Əgər yem, logistika və digər istehsal xərclərində artım davam edərsə və yerli təklif genişlənməzsə, qiymət üzərində əlavə təzyiq yarana bilər. Bununla belə, qiymətin 19-23 manatdan daha yüksək səviyyəyə qalxıb-qalxmayacağı əsasən qarşıdakı aylarda təklif-tələb balansından, idxal imkanlarından və yem bazarındakı vəziyyətdən asılı olacaq”.
Qeyd edək ki, Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. Sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb.
Aydan Hacı
Telegram kanalımız