“Virus infeksiyalarına yoluxma halları təkcə hepatitlərlə məhdudlaşmır. Buraya HİV, insan papilloma virusu (HPV), Epstein-Barr (Epşteyn-Barr) virusu və digərləri daxildir. Təəssüf ki, bu infeksiyalara yoluxma halları dünyada artmaqda davam edir”.
Bu sözləri “Yeni Sabah”a tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, hepatit viruslarının bir neçə növü mövcuddur: Dominos pizza
“Hepatit A virusu infeksion sarılıq kimi tanınır. Bundan başqa, hepatit B, C, D, E və digər növlər də var. Bu virusların bəziləri hələ də əsasən laboratoriya şəraitində araşdırılır. Ən geniş yayılmış hepatit virusları isə A, B, C və D-dir.
Hepatit D virusunun özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, o, yalnız hepatit B virusu ilə birlikdə mövcud ola bilir və insana da yalnız hepatit B ilə eyni vaxtda yoluxur.
Hepatit B virusu genetik baxımdan daha sabitdir və əsasən bir genotipə malikdir. Hepatit C virusu isə daha dəyişkəndir. Onun 6 əsas genotipi və çoxsaylı alt tipləri mövcuddur. Məhz bu xüsusiyyət virusun yayılmasının və müalicəsinin daha mürəkkəb olmasına səbəb olur”.
A.Qeybulla bildirib ki, bu viruslar müxtəlif yollarla yayıla bilər:
“Yoluxma tibbi prosedurlar zamanı sterillik qaydalarına əməl edilmədikdə, stomatoloji və ginekoloji müdaxilələr zamanı, insanın bioloji mayələrinin bir şəxsdən digərinə keçməsi nəticəsində, cinsi əlaqə və doğuş zamanı baş verə bilər. Virusların yayılmasının qarşısını almaq üçün tibb müəssisələrində ciddi sterilizasiya qaydalarına əməl olunmalıdır.
Təəssüf ki, sterillik normalarının pozulması yoluxma riskini əhəmiyyətli dərəcədə artırır. Buna görə də bütün stomatoloji kabinetlər, poliklinikalar, ginekoloji kabinetlər, özəl və dövlət xəstəxanaları mütəmadi yoxlanılmalı, tibb işçiləri maarifləndirilməli və onlara müvafiq təlimatlar izah edilməlidir.Bundan əlavə, tibbi alətlər və digər avadanlıqlar hər istifadədən sonra antiviral və dezinfeksiyaedici məhlullarla lazımi qaydada sterilizasiya edilməlidir. Həmin sahədə müəyyən olunmuş təlimatlara tam əməl edildiyi halda, virus infeksiyalarına yoluxma hallarını xeyli azaltmaq mümkündür. Bu cür yoluxmaların əksəriyyəti sadalanan qaydalara laqeyd yanaşılması və ya onların kifayət qədər bilinməməsi nəticəsində baş verir”.
Aytac Əliyeva
Telegram kanalımız