Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ərdoğan Şuşada: bölgənin taleyini dəyişəcək... 
15 İyn 2021 09:02
1749

Ərdoğan Şuşada: bölgənin taleyini dəyişəcək... 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO zirvəsindən sonra bu gün Azərbaycana iki günlük səfərə gəlir. Artıq səfər proqramı məlumdur. Qardaş ölkənin rəhbərinin Prezident İlham Əliyevlə Şuşada mühüm, tarixi görüşü baş tutajaq. Əsas danışıqlar da orada - mədəniyyət paytaxtımızda gözlənilir.

Sonuncu məqamın özü elə rəmzi məna daşıyır. Ən əvvəl Qarabağın, Şuşanın bir daha yad əllərə keçməsinə imkan verilməyəcəyi anlamına gəlir. Dar günlərdə də, sevincli durumlarda da “Bir millətin iki dövləti”nin daim yanaşı addımlayacağı barədə regiona, dünyaya ismarış xarakteri daşıyır.

Yəni çaqqal-kaftarlar, göreşən-tülkülər gözlərini qədim Türk yurdu Qarabağdan, Şuşadan birdəfəlik çəksinlər. Boşuna gözləməsinlər. Ondansa nə qədər gec deyil, bölgədəki yeni reallıqla qeyd-şərtsiz razılaşıb Bakı və Ankaranın təklif elədiyi əməkdaşlıq formatını, “yol xəritəsi”ni qəbul eləsinlər - ən əvvəl elə öz maraqları naminə. Çünki bu fürsət sabah olmaya bilər. Türkiyə və Azərbaycan heç kəsə əməkdaşlıq üçün yalvaran deyil. Buna ən çox ehtiyacı olan acından ölən, diz üstə çökən Ermənistandır, onun bədbəxt xalqıdır...     

*****

“Türkiyə-Azərbaycan qardaşlığı bölgədə sülh və rifahın təməlidir. Azərbaycan Qarabağda tarixi bir zəfərə imza atıb, 30 illik işğala son qoyub. Bu zəfər bölgədə davamlı sülhün də əsasını qoyub”.

Bu sözləri Avropa və Azərbaycana səfərdən öncə keçirilən mətbuat konfransında Ərdoğan deyib. Ermənistanda daxili siyasi maraqlara görə bu sülhə xələl gətirilməsinin arzuedilməz olduğunu vurğulayan Türkiyə lideri keçən il 10 dekabrda Bakıda Zəfər paradını, Azərbaycanın haqlı uğurunu izlədiyini xatırladıb: “Bu dəfə Zəfərin qazanıldığı torpaqlara səfər edəcəyəm. Qardaşım İlham Əliyevlə birlikdə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş, Türk dünyası üçün də tarixi şəxsiyyətlər yetişdirmiş Şuşanı ziyarət edəcəyik. Şuşada ikitərəfli görüşlər keçirəcək, qardaşım İlham Əliyevlə birgə iki ölkə arasında əməkdaşlığın inkişaf imkanlarını müzakirə edəcəyik. 16 iyunda isə Bakıda Avropa Futbol Çempionatının seçmə qrup oyunları çərçivəsində Türkiyə komandasının Bakıda oyununu qardaşım İlham Əliyevlə birgə izləyəcəyik”.

Onu da qeyd edək ki, iyunun 16-da Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək və iclasda Ərdoğan çıxış edəcək. Bu, yəqin ki, Şuşadan qayıtdıqdan sonra olacaq.

*****

Bir sözlə, bölgə və dünyanın diqqətində olacağı şübhə doğurmayan, olduqca önəmli mesajlarla zəngin, ən başlıcası, iki qardaş dövlətin ortaq siyasi-diplomatik və vazkeçilməz hərbi gücünün dünyaya növbəti dəfə nümayiş etdirəcək bir ziyarət gözlənilir. Ərdoğanın budəfəki səfəri şübhəsiz, böyük Zəfəri daşlaşdıracaq, hətta regionun taleyini dəyişə bilən bir ziyarət olacaq. Onu da unutmayaq ki, Türkiyə prezidenti Baydenlə görüşdən dərhal sonra ölkəmizə təşrif buyuracaq. 

Odur ki, tarixi ziyarətdən ən böyük dərsi ilk növbədə parlament seçkiləri ərəfəsində olan məğlub Ermənistan çıxarmalıdır. Harada ki, hələ də ağılsız erməni siyasətçiləri, revanşist ünsürlər “Bəlkə də qaytardılar” xülyası ilə yaşayır, hətta “Şuşanın qaytarmaq” planları qururlar. Sabiq prezident, Xocalı hərbi canisi Robert Köçəryan kimi.  

Belə ki, seçkilərə daşnaklarla birgə (“Su axar, çuxurunu tapar”), “Hayastan” bloku ilə qatılan bu həyasız zat seçicilərinə ağlasığmaz vədlər verməkdə davam edir. Bu dəfə o, Hadrutu “qaytaracağı”na böyük ölçüdə ümid etdiyini bildirib (Axar.az).

Dilicanda seçicilərlə görüşdə Köçəryan iddia edib ki, Şuşanın da “qayıdacağına” “qismən inanır”. Onun arqumenti isə belədir: keçmiş və 1991-ci ildə Azərbaycan parlamentinin qərarı ilə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin “sərhədi”nin bərpası ilə bu, mümkündür.

Köçəryana görə, bu proses iki il vaxt ala bilər, “Ancaq belə ciddi danışıqlar üçün müttəfiqlərlə əlaqələri bərpa etmək lazımdır. Bunun ardınca siz görəcəksiniz ki, bu məsələnin həlli mümkündür. Bu məsələni məndən yaxşı heç kim həll edə bilməz”, - deyə seçicilərin “saqqızını” oğurlamağa çalışan Xocalı canisi sarsaqlayıb.

Köçəryan davamında Rusiyadakı erməni biznesmenlərlə danışıqlar apardığını, ermənilərin Qarabağa köçürülməsi üçün tikinti işləri görəcəyini də vəd edib. O bildirib ki, bu işə “Hayastan” fondundan 100 milyon dollar ayrıla və kəndlər böyüdülə, çoxsaylı evlər tikilə bilər.

*****

Göründüyü kimi, Köçəryan revanşist iddialarla seçkiyə girib və öz xalqını yenə uçuruma aparan vədlər verməklə məşğuldur. İşğalı davam etdirməyə çalışan Xocalı hərbi canisi yeni reallıqları qəbul etməməklə faktiki olaraq Ermənistanın bir dövlət kimi varlığını da sual altına qoyur. Çünki o, hələ də Türkiyənin artıq regionda olduğunu, Azərbaycanın Qafqazın ən qüdrətli və açar dövlətinə çevrildiyini və Rusiyanın Putinin simasında Bakı ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olduğunu dərk etmir.

Lakin siyasətçidən çox quldur-başkəsən kimi danışan bu kriminal ünsürün reytinqi ölkədə heç 24 faizə də çatmır. Hər necə olmasa, əksər ermənilər, yəni 76%-lik toplum (!) onun erməni xalqına xoşbəxtlik deyil, bəlalar gətirdiyinin, verdiyi vədlərin puç olduğunun yaxşı fərqindədirlər. Əks halda, Köçəryan dərhal seçki marafonunun favortinə çevrilərdi.

Ən önəmlisi, Ərdoğan və Əliyevin sabahkı tarixi Şuşa ziyarəti, orada əldə olunacaq və imzalanacaq tarixi anlaşmalar yüzdə yüz Köçəryan kimi avantüristlər, “müharibə partiyası” üçün “soyuq duş” effekti yaradacaq, onların “bazarını” həmişəlik bağlayacaq. Onların reallıqdan nə qədər uzaq, xəstə, axmaq və təhlükəli məxluq olduqlarına və artıq əl-ayağa dolaşdıqlarına güzgü tutmaqla seçki ərəfəsində olan erməni cəmiyyətinə də əyani göstərəcək.

Bundan sonrası ermənilərin öz işidir. Daha doğrusu, onların seçimidir. Erməni xalqı bir daha fəlakət yaşamaq istəmirsə, o zaman təcili şəkildə köçəryanlarla, bütövlükdə Qarabağ klanı ilə, “müharibə partiyası” ilə yolunu ayırmalı, 20 iyunda onlara layiq olduqları yeri göstərməlidir. Göstərəkmi?

Ümid edək ki, Ərdoğanın Şuşa ziyarəti erməniləri daha ayıq seçim eləməyə kökləyəcək... 

Musavat.com

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər