Türkiyədə günlük və saatlıq mənzil kirayəsi bazarında nəzarətsiz fəaliyyətlərin geniş yayılması ciddi narahatlığa səbəb olub.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, müvafiq icazə sənədinin alınması qanunla məcburi olsa da, ölkə üzrə təxminən 150 min mənzilin qeydiyyatsız şəkildə kirayəyə verildiyi bildirilir.
Bu vəziyyət yalnız dövlət büdcəsinə vergi itkisiylə nəticələnmir, həm də şəxsi həyatın toxunulmazlığı ilə bağlı riskləri artırır. pizza hut
“Türkiye Gazetesi”nin məlumatına görə, yoxlamalardan yayınmağa çalışan bəzi mənzil sahibləri kirayə elanlarını və müştərilərlə əlaqə prosesini sosial şəbəkələrə, eləcə də müxtəlif mesajlaşma qruplarına keçiriblər. Məlumata əsasən, Türkiyədə saatlıq mənzil kirayəsinin qiyməti 700 lirədən başlayır, günlük kirayə haqqı isə 4 min lirəyədək yüksəlir.
Xüsusilə şəxsiyyət yoxlaması aparılmadan həyata keçirilən bu cür kirayələr çoxmənzilli binalarda və sıx yaşayış komplekslərində ciddi təhlükəsizlik problemləri yaradır. Naməlum şəxslərin binalara nəzarətsiz şəkildə daxil olub-çıxması sakinlərin rahatlığını pozmaqla yanaşı, onların can və əmlak təhlükəsizliyi üçün də risk formalaşdırır.
İddialara görə, vəziyyətdən narazı qalaraq aidiyyəti qurumlara şikayət edən bəzi yaşayış kompleksi sakinləri hətta mənzilləri kirayəyə verən şəxslər tərəfindən təhdid olunublar.
Digər tərəfdən, qısamüddətli kirayəyə verilən mənzillərdə gizli kameraların aşkarlanması ilə bağlı hadisələrin artması narahatlığı daha da gücləndirib.
Bu səbəbdən müvafiq qurumların yoxlamaları gücləndirəcəyi və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində tədbirlərin artırılacağı bildirilir.
Telegram kanalımız