Yay aylarında həşəratlarla mübarizə aparmaq üçün dezinfeksiya şirkətlərinə müraciətlər artır. Payızın gəlişi ilə isə evlərdə, bağ evlərində və həyətlərdə başqa növ həşəratlara rast gəlinir. Havalar soyuduqca bəzi həşəratlar və gəmiricilər qışlamaq üçün isti yerlərə, hətta mənzillərə sığınır.
Bəs noyabr ayında evlərdə və həyətlərdə hansı həşəratlarla qarşılaşa bilərik? Onlardan hansıları təhlükəlidir?
Problemlə bağlı “Yeni Sabah”a danışan serpentoloq, dezinfeksiya üzrə mütəxəssis Zeynal Naciyev bildirib ki, qışda ən çox tarakan, taxtabiti və siçanlarla rastlaşırlar: Online alış-veriş
“Hər il noyabr, dekabr, yanvar və fevral aylarında ən çox rastlaşdığımız problemlər tarakan, taxtabiti və siçanlarla bağlı olur. Bu aylarda həmin zərərvericilərlə əlaqədar müraciətlər artır. Lakin təhlükə baxımından yay aylarını daha riskli hesab etmək olar. Çünki gürzələrin və gənələrin aktivləşdiyi dövrdür. Onlar daha zəhərli və təhlükəli olur”.
O bildirib ki, qısa müddətli dezinfeksiya ilə bu problemləri aradan qaldırmaq mümkündür:
“Noyabrdan fevrala qədər olan dövrdə isə ciddi təhlükədən danışmaq olmaz. Əsasən, natəmizlik nəticəsində yaranan tarakan və qarışqa kimi həşəratlarla bağlı problemlərlə qarşılaşırıq. Mənzildə apardığımız 8-9 dəqiqəlik dezinfeksiya işləri ilə bu problemləri aradan qaldırmaq mümkündür. Ən çox rastlaşdığımız hallar tarakan, siçan, taxta qurdu və qarışqalarla bağlıdır”.
Z.Naciyev tarakanların yaranmasının əsas səbəblərindən birinin antisanitariya olduğunu vurğulayıb:
“Tarakanların yaranmasının 80-90 faizi natəmizliklə bağlıdır. Bəzən mənzil sahibləri deyirlər ki, evimiz təmizdir. Amma kanalizasiya sistemləri vaxtında təmizlənmədikdə tarakanların çoxalması üçün şərait yaranır.
Siçanların, qarışqaların və digər həşəratların yayılmasının isə 40-50 faizi nəmişliklə əlaqədardır. Qalan səbəb natəmizlikdir. Zibili 4-5 gün qapının qarşısında saxlayın, görəcəksiniz ki, həmin əraziyə tarakanlar, siçanlar və qarışqalar toplaşacaq.
Elə mənzillər var ki, sakinləri evlərinin təmiz olduğunu deyirlər, amma yenə də qarışqalarla qarşılaşırlar. Bunun səbəbi çox vaxt qonşu mənzillərdəki antisanitariya vəziyyətidir. Əgər yan-yana yerləşən üç mənzildə təmizlik qaydalarına əməl olunursa, həmin mənzillərdə belə problemlərlə qarşılaşmaq ehtimalı xeyli azalır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız