“Ümumiyyətlə, Azərbaycanda bazar iqtisadiyyatı hökm sürür. Kəndlilər və fermerlər məhsul istehsal edirlər ki, onu bazara çıxarıb satsınlar və əldə etdikləri gəlirlə həm təsərrüfatlarını genişləndirsinlər, həm də ailələrinin sosial xərclərini ödəsinlər”.
Bunu “Yeni Sabah”a aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli deyib. O bildirib ki, hazırda heyvan bazarlarının fəaliyyətinin məhdudlaşdırılması kənd təsərrüfatı, xüsusilə də fermerlər üçün müəyyən çətinliklər yaradır:
“Heyvanları maşınlara yükləyib uzaq məsafələrə, başqa bazarlara aparmaq lazım gəlir. Bu isə əlavə xərc deməkdir. Bundan başqa, heyvanların daşınması zamanı onların fiziki durumu ilə bağlı da müəyyən problemlər yarana bilər. pizza
Əslində, heyvan bazarlarının fəaliyyətini bu formada məhdudlaşdırmağa ehtiyac yoxdur. Başa düşürəm ki, bunun üçün büdcədən vəsait ayrılır və həmin vəsait müəyyən xərclərə yönəldilir. Amma heyvan bazarı üçün adi, müəyyən edilmiş bir yer olarsa, fermerlər də heyvanlarını ora aparıb sata bilərlər. Bunun üçün əlavə, böyük xərclərə ehtiyac yoxdur.
Digər tərəfdən, heyvan bazarlarının xəstəliklərin yayılmasına səbəb olması ilə bağlı yanaşma da tam doğru deyil.
Fermerlərin onsuz da çətin olan işini daha da çətinləşdirməyə ehtiyac yoxdur”.
Ekspert qeyd edib ki, hazırda ölkədə ciddi yem qıtlığı və yem çatışmazlığı var. Heyvanlar yaxşı qidalanmadığı üçün asanlıqla xəstəliyə yoluxa bilirlər:
“Ötən il də heyvanlar arasında müxtəlif xəstəliklərin yayıldığını gördük. Baytarlıq xidmətlərinin bir sıra sahələrdə aşağı səviyyədə olması səbəbindən çoxsaylı heyvanlar tələf oldu, xəstəliyə yoluxdu və məhsuldarlıq aşağı düşdü.
Bəzən bu məhdudiyyətləri onunla əsaslandırırlar ki, guya bu halda xəstə heyvanların bazara gətirilməsinin qarşısı alınacaq. Məncə, bu, düzgün yanaşma deyil. Əgər məqsəd heyvanları istidən qorumaqdırsa, bazarlarda müvəqqəti olaraq kölgəliklər və digər zəruri şərait yaradıla bilər.
Ümumiyyətlə, kəndlilər üçün ciddi problemlərdən biri bazar tapmaq və məhsullarını bazara çıxarmaqdır. Ona görə də fermerlər üçün imkan yaradılmalıdır ki, hər kənddə və ya qəsəbədə həftənin müəyyən günündə yerli bazar təşkil olunsun.
Bazarlarda xəstəliklərin yayılmasının qarşısını almaq üçün müxtəlif sanitar tədbirlər görülməlidir. Lakin əminəm ki, xəstəliklər təkcə bazarlarda yayılmır”.
V. Məhərrəmli bildirib ki, elə xəstəliklər də var ki, otlaq sahələrindən yayılır:
“Xəstəlik heyvandan heyvana birbaşa təmas yolu ilə keçə bilər. Elə xəstəliklər də var ki, otlaq sahələrindən yayılır. Bazarda isə müxtəlif insanların gətirdiyi heyvanlar bir-biri ilə təmasda olmur. Hər bir fermer öz heyvanını ayrıca saxlayır, alıcılar gəlib heyvanlara baxır, alır və ya almır, daha sonra həmin heyvanı təsərrüfatına aparır.
Heyvan bazarlarında bu cür təmasların olmaması əvvəldən də müşahidə edilən haldır. Mən uşaqlıqdan heyvan bazarlarının necə fəaliyyət göstərdiyini görmüşəm. Xəstəliklərin daha çox fermalarda, örüş sahələrində və digər yerlərdə də yayılması mümkündür.
Məsələn, heç kim düşünməz ki, bazardan aldığı heyvan xəstə ola bilər. Fermer bazara heyvanını çıxarır və oradan da başqa heyvan alır. Əgər alınan heyvan xəstədirsə, onu qısa müddət ərzində müəyyən etmək hər zaman mümkün olmur.
Bütün heyvanları bir-bir yoxlayıb həmin anda xəstəliyin olub-olmadığını müəyyən etmək mümkün deyil. Elə xəstəliklər var ki, ilkin mərhələdə heç bir əlamət göstərmir və yalnız sonradan simptomlar ortaya çıxır. Kəndli də heyvanının xəstə olduğunu biləndə, adətən, onu bazara çıxarmamağa çalışır.
Burada ən vacib məqam odur ki, vaxtında profilaktik tədbirlər həyata keçirilsin və lazımi vaksinasiya tədbirləri görülsün. Çünki bu cür tədbirlər görülməyəndə xəstəlik də sürətlə yayılır”.
Aydan Hacı
Telegram kanalımız