Fermerlər üçün yeni dövlət proqramı hazırlanmalıdır – Deputat

saytların hazırlanması

Evə çatdırılma

Fermerlər üçün yeni dövlət proqramı hazırlanmalıdır – Deputat

İqtisadiyyat

18 Noyabr 2026 11:35 52


Milli Məclisin plenar iclasında çıxış edən deputat Əlibala Məhərrəmzadə aqrar sektorda məhsuldarlığın artırılması məqsədilə seleksiya yolu ilə yaradılmış məhsulların, toxumların və cinslərin sayının daha da çoxaldılmasının vacibliyini bildirib. Parlamentari qeyd edib ki, kənd təsərrüfatında intensiv suvarma texnologiyalarının tətbiqi daha geniş ərazilərin suvarılmasına və su resurslarına ciddi qənaət edilməsinə imkan yaradır və bu məsələ Azərbaycan üçün xüsusi aktuallıq kəsb edir.

"Yeni Sabah" xəbər verir ki, deputatın sözlərinə görə, yüksək texnologiyaların tətbiqi nəticəsində aqrar sahədə bir çox istehsal proseslərini avtomatlaşdırmaq, eləcə də bitkilərdə yaranan xəstəlikləri və digər aqrar problemləri vaxtında aşkar etmək mümkündür. O vurğulayıb ki, bu müasir yanaşma məhsulun maya dəyərinə ciddi təsir göstərən əmək xərclərinə qənaət etməyə şərait yaradır. İntensiv suvarma ilə yanaşı, bitkilərə düzgün qulluq, torpaqdan səmərəli istifadə və digər aqrotexniki tədbirlərin də mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran Ə.Məhərrəmzadə bu üsulların daha az xərclə və daha qısa müddətdə yüksək məhsuldarlıq əldə etməyə imkan verdiyini söyləyib.

Parlamentari bir tərəfdən su təminatının yaxşılaşdırılmasının, digər tərəfdən isə kənd təsərrüfatında bəzi məhsullar üzrə iqtisadi itkilərin 80-90 faizədək azaldılması istiqamətində tədbirlər görülməsinin zəruri olduğunu bildirib. O qeyd edib ki, aqrar sektorun inkişafı və torpaqların müasir, yüksək məhsuldar sahələrə çevrilməsi üçün ilk növbədə qabaqcıl beynəlxalq təcrübə araşdırılaraq tətbiq edilməli, mövcud boşluqlar aradan qaldırılmalı və intensiv suvarma sistemlərinə keçid sürətləndirilməlidir. Məişət texnikası

Çıxışında bölgələrdə fermerlər və kənd təsərrüfatı subyektləri arasında daha geniş maarifləndirmə işlərinin aparılmasının və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayan Ə.Məhərrəmzadə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu istiqamətdə müəyyən işlərin görüldüyünü, lakin bütün bu tədbirlərin vahid dövlət proqramında öz əksini tapmasına ehtiyac olduğunu deyib. Deputat əlavə edib ki, kənd təsərrüfatında yeni yanaşmaların tətbiqi təkcə daxili ərzaq təhlükəsizliyini təmin etməyəcək, həm də ölkəyə valyuta gətirən ixracyönümlü aqrar məhsulların istehsalının artırılmasına mühüm töhfə verəcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!