“Gülüstan” sarayının memarı vəfat etdi
23 Mart 2020 19:30
177

“Gülüstan” sarayının memarı vəfat etdi

Azərbaycanın Əməkdar memarı, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Nazim Hacıbəyov bu gün vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə mərhumun yaxınları bildiriblər.

Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevral ayının 8-də Bakıda anadan olub.

1951-ci ildə Daşkənddə Orta Asiya Politexnik İnstitutunu (Daşkənd Politexnik İnstitutu) bitirib.

1950-1960-cı illərdə Özbəkistanda işləyib, onun layihəsi ilə Daşkənddə “Cağatay” istirahət evi, Fərqanədə “Fərqanə” mehmanxanası, Kislovodskda “Özbəkistan” sanatoriyası və b. binalar tikilib.

XX əsrin 60-cı illərinin axırlarından Bakıda işləyib. 1970-1983-cü illərdə Bakı şəhərinin planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun (“Bakıdövlətlayihə”) direktoru, 1983-cü ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin birinci müavini olub. Əhmədli yaşayış massivinin tikintisi (müştərək layihə; 1970-1972), Bakıda “Gülüstan” sarayı kompleksi (müştərək layihə; 1980) əsas işlərindəndir.

1979-cu ildə Azərbaycanın Əməkdar memarı adına layiq görülüb. 1982-ci ildə “Gülüstan” sarayının layihəsinə görə o, Azərbaycan Dövlət mükafatı, 2000-ci ildə Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Nazim Hacıbəyov 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü idi. /Modern.az

Oxşar xəbərlər