Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzil əldə etmək istəyən vətəndaşlara müraciət edib.
"Yeni Sabah" xəbər verir ki, qurumun yaydığı məlumatda bildirilib ki, Prezidentin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, Agentliyin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Mənzillərin satışında həm ipoteka kreditindən istifadə, həm də şəxsin öz vəsaiti hesabına ödəniş imkanları nəzərdə tutulub. Toyuqlu pizza
MİDA istifadəçilərə satış vaxtından ən azı bir saat əvvəl gücləndirilmiş elektron imza vasitəsilə sistemə daxil olmağı tövsiyə edib. Bu, elektron imzanın işlək vəziyyətdə olub-olmadığını əvvəlcədən yoxlamağa imkan verəcək.
Qeyd olunub ki, güzəştli ipoteka krediti hesabına mənzil almaq istəyən şəxslər elektron kabinetlərində “İlkin razılıq qərarı” bölməsini də yoxlamalıdırlar. Onlar agent bankdan aldıqları razılıq qərarını imzaladıqlarına və həmin qərarın mənzil seçimi günü qüvvədə olduğuna əmin olmalıdırlar.
Əks halda həmin şəxslər yalnız öz vəsaiti hesabına ödəniş etməklə mənzil əldə edə biləcəklər.
MİDA, həmçinin elektron kabinetdə bölmələr arasında keçid zamanı istifadəçilərə sistemin öz səhifəsində yerləşən “Geri”, “Əvvəlki” və “Növbəti” düymələrindən istifadə etməyi tövsiyə edib. Brauzerin “Geri” və “İrəli” düymələrindən istifadə edilməsi məsləhət görülmür.
Aytac Əliyeva
Telegram kanalımız