İnformasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyevin həbsxanada vəfat etməsinin səbəbi açıqlanıb.
Ədliyyə Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq, bildirilib ki, o, ürək-damar çatışmazlığından dünyasını dəyişib.
“Məhkum İlqar Əliyevin ölümünə səbəb kəskin ürək-damar çatışmazlığı kimi qiymətləndirilir. Son diaqnoz məhkəmə tibbi ekspertizanın rəyinə əsasən təyin olunacaq”, - qurumdan bildirilib.
Qeyd edək ki, Əliyev İlqar İbrahim oğlu 1972-ci ildə Salyan rayonunun Arbatan kəndində anadan olub. Salyan şəhər 4 saylı orta məktəbini bitirib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin İnformasiya texnologiyaları departamentinin keçmiş müdiri, Azərbaycan Banklar Assosasiyasında ekspert kimi çalışıb.
İlqar Əliyev 2023- cü ildə satış məqsədi olmadan narkotik maddə əldə edib saxlama ittihamı ilə məhkum olunmuş və 4 il azadlıqdan məhrum edilmişdi. Daha sonra cəzası 2 ay əvvəl 4 ildən 3 ilə endirilmışdi. Həbsdən çıxmağına 6 ay qalmışdı.
Onun 4 azyaşlı övladı var.
Əsmətxanım Rzazadə
Telegram kanalımız