İlham Əliyev Avropa liderlərinə bu mesajı verdi -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Avropa liderlərinə bu mesajı verdi - AÇIQLAMA

Siyasət

05 May 2026 16:11 185


Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib. Dövlət başçısı çıxışı zaman region gündəminə dair bir sıra mühüm məsələlərə toxunub. 

Bəs bu sammitin mümkün nəticələri nə ola bilər? 

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan politoloq Oqtay Qasımov bildirib ki, bu sammiti Avropa liderlərinin Ermənistanın Baş naziri Nikol Paşinyana dəstək addımı saymaq olar:

“Avropa Siyasi Birliyi” məşvərətçi bir qurumdur. Burada Avropa liderləri toplanır və vacib məsələlər haqqında fikir mübadiləsi aparırlar. Eyni zamanda, bu, tərəflər arasında görüşlər keçirilməsi ilə bağlı müəyyən fürsətlər yaradır. Son 5 il ərzində məhz bu formatda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşlərinin şahidi olmuşuq. Tədbirin İrəvanda keçirilməsi daha çox Paşinyanın hakimiyyətinə seçki qabağı siyasi dəstək kimi qiymətləndirilə bilər”.

Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyev sammitdəki çıxışı zamanı Azərbaycanın mövqeyini Avropa ölkələrinə çatdırıb:

“Cənab Prezident Avropanın bəzi qurumlarının, o cümlədən, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin Azərbaycana qarşı heç bir əsası olmayan qərəzli mövqe tutduqlarını vurğuladı. Ümumilikdə, bu sammitdə Azərbaycan öz mövqeyini Avropa liderlərinə çatdırdı. Həm Bakı, həm də İrəvan öz gündəliyi ilə çıxış etdi. Ən əsası isə Avropa dövlətlərinə dolayı yolla mesaj verildi ki, Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan sülhü əldə edib. İndi isə prosesi irəli aparmaq, əməkdaşlığı genişləndirmək istiqamətində addımlar atırlar”.

O.Qasımov vurğulayıb ki, Avropa liderləri Rusiyanın iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı niyyətindən məlumatlıdırlar və Kremlin başlıca məqsədi N.Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqdır:

“Hazırda Rusiyanın əsas məqsədi bu seçkilərdə Paşinyanın hakimiyyətdən getməsinə nail olmaqdır. Moskvameyilli qüvvələrin parlamentdə daha çox mandat qazanıb hakimiyyətə təsir imkanları əldə etməsini gözləyirlər. Bu baxımdan Rusiyanın mövqeyi anlaşılandır.

Lakin İrəvan sammitində səsləndirilən bir sıra fikirlər, xüsusi ilə də Fransa Prezidenti Emmanuel Makronun fikirləri Rusiyada qıcıq yaradacaq. Bu isə Paşinyana problemlər yarada bilər”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!