Uşaqlar niyə yalan danışır? - Bu əlamətlərə diqqət edin

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlar niyə yalan danışır? - Bu əlamətlərə diqqət edin

Sosial

15 Noyabr 2026 10:34 57


“Uşaqlarda yalan danışmaq davranışına adətən 2-3 yaşlarından etibarən rast gəlinə bilər. Lakin bu yaş dövründə uşağın reallıqla fantaziyanı tam ayıra bilməməsi, xəyal gücünün aktiv inkişafı və düşüncə xüsusiyyətləri nəzərə alınmalıdır. Təxminən 4-5 yaşlarından etibarən uşaqlar həqiqəti gizlətməyi və qarşı tərəfin bilmədiyi məlumatdan istifadə etməyi daha yaxşı mənimsəyirlər”.

Bunu “Yeni Sabah”a psixoloq Zeynəb Əyyubova deyib.

O bildirib ki, müəyyən yaş dövrlərində yalan danışmaq uşağın sosial və koqnitiv inkişafının bir hissəsi hesab oluna bilər: ShopByBro

“Çünki uşaq tədricən başqalarının fərqli düşüncələri, hissləri və məlumatları olduğunu anlayır. Ancaq burada əsas məsələ davranışın nə qədər tez-tez təkrarlanması, hansı məqsədlə edilməsi və uşağın gündəlik həyatına necə təsir göstərməsidir. Əgər yalan danışmaq davamlı xarakter alırsa, digər davranış və emosional çətinliklərlə müşayiət olunursa, mütəxəssis dəstəyi məqsədəuyğun ola bilər.

Uşaqların yalan danışmasının arxasında müxtəlif psixoloji səbəblər dayana bilər. Ən geniş yayılmış səbəblərdən biri qorxudur. Məsələn, uşaq səhv etdikdə valideyninin sərt reaksiyasından, danlanmaqdan və ya cəzalandırılmaqdan qorxduğu üçün həqiqəti gizlədə bilər.

Digər mühüm səbəb valideynlərin yüksək gözləntiləridir. Bəzi uşaqlar valideynlərinin sevgisini və rəğbətini itirməmək üçün öz səhvlərini etiraf etməkdən çəkinirlər. Onlar düşünürlər ki, yaxşı uşaq olmaq üçün hər zaman düzgün davranmalı və valideynlərini məyus etməməlidirlər. Bununla yanaşı, diqqət ehtiyacı, özünü təsdiqləmək istəyi, yaşıdları arasında qəbul olunmaq, arzuladığı bir şeyə nail olmaq və məsuliyyətdən yayınmaq da yalan danışmağa səbəb ola bilər.

Burada valideynlər yalnız uşağın dediyi yalana fokuslanmamalı, bu davranışın arxasında hansı ehtiyacın və ya emosional səbəbin dayandığını anlamağa çalışmalıdırlar. Çünki bəzən yalanın özü problemin deyil, daha dərin bir emosional ehtiyacın göstəricisi olur”.

Psixoloq qeyd edib ki, fantaziya ilə şüurlu şəkildə yalan danışmağı da bir-birindən fərqləndirmək vacibdir:

“Xüsusilə məktəbəqədər yaşlı uşaqlarda xəyal dünyası olduqca geniş olur. Onlar bəzən arzuladıqları hadisələri baş vermiş kimi danışa, özlərini qəhrəman kimi təqdim edə və ya müxtəlif əhvalatlar uydura bilərlər. Bu, hər zaman yalan danışmaq niyyəti demək deyil. Uşaq bəzən fantaziyası ilə reallığı qarışdıra bilər.

Digər tərəfdən, uşaq müəyyən yaşdan sonra hadisənin baş vermədiyini bildiyi halda, qarşı tərəfi inandırmaq məqsədilə fərqli məlumat verirsə, burada şüurlu yalandan danışmaq mümkündür. Valideyn uşağı dərhal ittiham etmək əvəzinə, onun danışdıqlarına diqqətlə qulaq asmalı, hadisəni necə qavradığını anlamağa çalışmalıdır. Əsas məqsəd uşağın fantaziyasını məhdudlaşdırmaq deyil, ona reallıqla xəyal arasındakı fərqi öyrətməkdir.

Valideyn uşağının yalan danışdığını bildikdə ilk növbədə sakitliyini qorumağa çalışmalıdır. Uşağı sərt şəkildə danlamaq, təhqir etmək, qorxutmaq və ya fiziki cəza tətbiq etmək problemin həllinə kömək etmir. Əksinə, bu yanaşmalar uşağın növbəti dəfə həqiqəti gizlətməsinə və valideynindən uzaqlaşmasına səbəb ola bilər.

Valideyn uşağa izah etməlidir ki, səhv etmək hər bir insanın başına gələ bilər. Əsas məsələ səhvi etiraf etmək və onu düzəltməyə çalışmaqdır. Uşağın dürüst davrandığı, hətta xoşagəlməz bir həqiqəti etiraf etdiyi zaman bunu müsbət qiymətləndirmək vacibdir. Məsələn, “Mənə həqiqəti dediyin üçün təşəkkür edirəm. Gəlin, indi bu vəziyyəti necə düzəldə biləcəyimizi düşünək” demək daha doğru yanaşmadır.

Eyni zamanda, valideyn özü də uşağa dürüstlük nümunəsi olmalıdır. Çünki uşaqlar yalnız deyilənləri deyil, böyüklərin davranışlarını da müşahidə edərək öyrənirlər.

Sonda qeyd etmək istərdim ki, uşağın yalan danışması valideyn üçün sadəcə aradan qaldırılmalı olan mənfi davranış kimi qiymətləndirilməməlidir. Bu, uşağın emosional vəziyyətini, qorxularını, ehtiyaclarını və ailədaxili münasibətləri anlamaq üçün bir siqnal ola bilər.

Uşağa dürüst olmağı öyrətməyin ən təsirli yolu onu həqiqəti dediyinə görə qorxutmamaqdır. Uşaq bilməlidir ki, səhv etsə belə, valideyninə həqiqəti danışa bilər və dinləniləcək. Məqsəd uşağı yalan danışdığına görə cəzalandırmaq deyil, onda dürüstlük dəyərini formalaşdırmaqdır”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!