Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqamətini təşkil edir. 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin evlə təmin olunması, müharibə əlillərinin müalicəsi, sosial durumlarının yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyaya daxil olan insanlara həssas münasibətin göstəricisi sayıla bilər.
Qeyd edək ki, sosial tədbirlər paketi ilbəil genişləndirilir. 2023-ci ildə də şəhid və qazi ailələrinin, müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair xeyli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Buna baxmayaraq, bəzən diqqətdən kənarda qalan, yaxud məmur biganəliyi ilə üzləşən ailələr də olur. Televiziyalar, KİV-lər bu problemləri gündəmə gətirməklə onların həllini sürətləndirir, görülən işlərin miqyasının artırılmasına yardım edirlər. Dominos pizza
Şəhid Sadiq Zeynalov 1998-ci il sentyabrın 19-da Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub.
2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Sadiq Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Sadiq Zeynalov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildib.

Sadiqin atası Kamal Zeynalov oğlu ilə bağlı xatirələrinin çox olduğunu bildirir: “Sadiq evin tək oğlu idi, Naxçıvanda xidmət edib, sonra evə qayıdıb. Qəsəbədə olduğu müddətdə yanacaqdoldurma məntəqəsində və digər işlərdə çalışıb. Bu bir il davam edib… 2018-ci ilin avqustun 14-də müddətli həqiqi hərbi xidmətə yola düşüb, sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb. İlk döyüşlərdə qabırğasından yaralanıb, ayağı sınıb, başından zədə alıb. Bu yaralar və ağırlarla Sadiq oktyabrın 3-də öz istəyi ilə təkrar cəbhəyə dönüb. Oktyabrın 25-dək qəhramancasında döyüşüb və elə həmin gün şəhid olub”.
K.Zeynalov deyir ki, iki övladı var: “Bir qızım, bir oğlum var idi. Qızım ailə həyatı qurub. Mən onları daş karxanalarında fəhlə işləyə-işləyə böyütmüşəm. Görünür Sadiqin alın yazısı belə imiş. Biz bu ölümə heyfslənmirik, Vətəni qorumaq, işğal altında olan torpaqları azad etmək lazım idi. Bizim gənclər də canları, sağlamlıqları bahasına bunu bacardılar”.
K.Zeynalov bildirib ki, yaşayışları və dolanışıqlarında ciddi problem var: “İcra hakimiyyətindən yalnız bizimlə maraqlanırlar. Nə mən, nə də yoldaşım işləyir. İşlə bağlı söz veriblər, amma nəticə yoxdur. Yoldaşımın böyrəyi xəstədir, günümüz həkimlərdə keçir. Mənim də vəziyyətim gördüyünüz kimi… Bir hamam tikməyə imkanımız yoxdur, kasıbçılıqdır, nə deyim…”
Sadiqin anası Elmira Zeynalova sağlığında övladının qayğıkeş və zəhmətkeş olduğu söyləyir: “Hər kəsə qarşı səmimi idi. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən müqavilə ilə geri qayıtmaq istədi. Amma evin tək oğlu olduğu üçün həm atası, həm də mənim xəstə olduğumu görüb gedişini bir müddət təxirə saldı. Bir ilə yaxın qəsəbədə qaldı. Gördü ki, atası ailəni çətinliklə dolandırır, bu üzdən iş yeri kimi müddətli həqiqi xidməti seçdi. Sentyabrın 27-də müharibə başladı. Oktyabrın 25-nə kimi iki dəfə yaralanmışdı, amma hospitalda yatmayıb döyüş bölgəsinə yollanmışdı… Sonuncu dəfə oktyabrın 24-də telefonla danışdıq. Dedi ana hər şey yolundadır, torpaqlarımızı geri ala-ala irəli gedirik, işğal altında olan bütün torpaqlarımızı azad etməyimiz üçün dua edin. Sonda məndən halallıq istədi. Dedi güclü döyüşlər gedir, itgilərimiz var, hər an, hər şey ola bilər. Oktyabrın 25-də bütün günü onun zəngini gözləyərkən, şəhid xəbərini eşitdk. Nə deyim, Vətən sağ olsun. Bütün kənd onun əxlaqından və tərbiyəsindən danışır.
Bizim üçün ağırdır, mənim üçün xüsusən… İki ildir mən xəstəlikdən yol yeriyə bilmirəm, bütün günü xəstəxanalardayam, iş qabiliyyətimi itirmişəm. Sadiq bizləri deyil, Vətəni düşündü… Ana kimi bütün şəhidlər qarşısında baş əyirəm.”
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.

Telegram kanalımız