18 yaşdan aşağı şəxslərin əmək münasibətlərinə cəlb olunması ilə bağlı qanunvericilikdə bir sıra xüsusi tələblər müəyyən edilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qanunvericiliyə əsasən, yaşı 18-dən az olan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, həmçinin ezamiyyətə göndərilməsi qadağandır. pizza sifarişi
Bu kateqoriyaya aid şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilmir və onların attestasiyası keçirilmir.
16 yaşınadək işçilər üçün qısaldılmış iş vaxtı həftə ərzində 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 36 saatdan artıq ola bilməz.
Əmək məzuniyyəti müddəti də yaş qruplarına uyğun müəyyənləşdirilib. Belə ki, yaşı 16-dan az olan işçilərə 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayan əmək məzuniyyəti verilməlidir.
Bundan başqa, 18 yaşdan az olan işçilərin müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi də qadağandır.
Qanunvericiliyə əsasən, işçinin peşəkarlıq səviyyəsinin və ya ixtisasının tutduğu vəzifəyə uyğun olmadığı səbəbilə 18 yaşdan aşağı işçinin əmək müqaviləsinə xitam verilə bilməz.
Eyni zamanda, yaşı 18-dən az olan şəxslərin əmək şəraiti ağır və zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə çalışdırılması qadağandır.
Həmçinin onların əxlaqi kamilliyinə mənfi təsir göstərə bilən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması ilə bağlı işlərdə çalışmasına yol verilmir.
Qanunvericilik 18 yaşdan aşağı şəxslərin həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə yarada biləcək digər işlərdə əməyinin tətbiqini də qadağan edir.
Aytac Əliyeva
Telegram kanalımız