Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqamətini təşkil edir. 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin evlə təmin olunması, müharibə əlillərinin müalicəsi, sosial durumlarının yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyaya daxil olan insanlara həssas münasibətin göstəricisi sayıla bilər.
Qeyd edək ki, sosial tədbirlər paketi ilbəil genişləndirilir. 2023-ci ildə də şəhid və qazi ailələrinin, müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair xeyli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Buna baxmayaraq, bəzən diqqətdən kənarda qalan, yaxud məmur biganəliyi ilə üzləşən ailələr də olur. Televiziyalar, KİV-lər bu problemləri gündəmə gətirməklə onların həllini sürətləndirir, görülən işlərin miqyasının artırılmasına yardım edirlər. pizza sifarişi
Səttarov Səxavət Qüdrət oğlu 2001-ci il iyunun 15-də Astara rayonu Artupa kəndində anadan olub.
2019-cu ildə Ordu sıralarına yola düşəndə Vətən torpağını göz-bəbəyi tək qorumaq, məqamında silaha sarılıb düşmən tapdağında olanları isə canı bahasına azad etmək ürəyindən keçir. Ön cəbhədə doğma Azərbaycana nümunəvi xidməti qısa müddətdə Səxavətə böyük nüfuz qazandırır, onu əsgər yoldaşlarına, komandirlərinə sevdirir. Hamı igid əsgəri hər an sinəsini Vətəni üçün sipər etməyi bacaran əsl qəhrəman bilir. İkinci Qarabağ müharibəsi başlayanda belə də olur.
Müharibənin ilk günündən Səxavət öz gücünü düşmənə göstərir. Canından artıq sevdiyi Vətənin yaşaması naminə ən ağır müharibə meydanına canla-başla gedir, qələbə üçün inamla döyüşür və işğal edilmiş hər qarış torpağın qisasını düşməndən almağa çalışır.
Füzuli, Zəngilan, Qubadlı rayonlarının ermənilərdən təmizləməkdə daha çox fərqlənir. Ürəyinin istəyini əsas götürərək Şuşa döyüşlərinə girən zamanda sona qədər vuruşub ermənilərdən qisas alacağına and içir. Və sərrast atəşlə düşmənin neçə-neçə texnikasını sıradan çıxarır, canlı qüvvəsini sarsıdır.
Xocavənd rayonunda gedən döyüşlərdə əsl qəhrəman kimi vuruşur və 3 noyabr tarixində canından keçməklə bir daha Vətən sevgisinin hər şeydən uca olduğunu sübut edir.
Səxavətin Vətən sevgisi həm də ona ölümsüzlük gətirir. İndi milyonların ürəyində yaşayır Səxavət. Qərinələr keçdikcə də bu belə olacaq. Çünki Səxavət öz ömrünü Vətəninə verib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Səxavət Səttarov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilir.

Anası Gülnarə Səttarova bizimlə söhbətində bildirdi ki, oğlu 2019-cu ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb: “Səxavət uşaqlıqda çox ağlağan olub, elə bil balam gələcək taleyinə ağlayırdı. Böyüdükdən sonra isə heç vaxt məni incitməyib. Sonra əsgər getdi, evə gəlməyinə 60 gün qalmış şəhid oldu. Səxavət heç məzuniyyətə də gəlməmişdi. Hərbi xidmətini də yaxşı başa vururdu, Təşəkkürnamələr almışdı. Telefonla danışanda deyirdi ki, ana, narahat olma, gəlib səni mən saxlayaram. Heç vaxt xətrimə dəyməyib”.
Anası deyir ki, Səxavətin gələcəklə bağlı çoxlu planları olub: “16 yaşında nənəsi onu qonşu kənddə bir qızla naşanlamışdı. Deyirdi ki, hərbi xidmətdən dönən kmi evlənərəm, ev tikərəm, bir yerdə yaşayarıq. Özü usta idi, ev tikir, təmir edirdi. Amma qismət olmadı, nişanlısı da nə etsin, mən onu qınamıram, vəziyyəti belə görüb başqası ilə ailə həyatı qurdu. Allah xoşbəxt eləsin. Qaynanamın başqa nəvəsi olmadığı üçün Səxavət onun yanında qalırdı”.
G.Səttarova deyir ki, ikinci oğlunu da oktyabr çağrışında hərbi xidmətə yola salacaq: “İkinci oğum mənimlə qalır. Bu günlərdə hərbi xidmətə yola salacam. Sonra da tək-tənha kirayələrdə yaşayacam. Özüm də epilepsiya xəstəsiyəm, necə yaşayacağımı bilmirəm. Bir aydır məni 2 saylı məktəbə xadimə kimi işə götürüblər. Sağ olsun dövlət işsiz qoymadı, 270 manat maaş alacam. Oğlumun şəhidliyinə görə də 500 manat pul verilir, bu pul da atası ilə mənim aramda bölünür. Bax, belə birtəhər yaşayırıq. Allah dövlətimizdən razı olsun”.
G.Səttarova dövlətdən heç bir tələbi olmadığını bildirir: “Açığı gəlib yazıb, gedirlər. Bircə yaşamaq üçün ev istəyirdim, onu da hələ verən yoxdur. Başqa nə istəyim ki? Mənim 5 oğlum da olsa hamısı Vətənə qurbandır. Təki Vətənimiz azad olsun, sülh olsun”.
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.

Telegram kanalımız