Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqamətini təşkil edir. 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin evlə təmin olunması, müharibə əlillərinin müalicəsi, sosial durumlarının yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyaya daxil olan insanlara həssas münasibətin göstəricisi sayıla bilər.
Qeyd edək ki, sosial tədbirlər paketi ilbəil genişləndirilir. 2023-ci ildə də şəhid və qazi ailələrinin, müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair xeyli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Buna baxmayaraq, bəzən diqqətdən kənarda qalan, yaxud məmur biganəliyi ilə üzləşən ailələr də olur. Televiziyalar, KİV-lər bu problemləri gündəmə gətirməklə onların həllini sürətləndirir, görülən işlərin miqyasının artırılmasına yardım edirlər. Toyuqlu pizza
Alazəpin kəndi Lənkəran rayonunun ən ucqar kəndlərindən biridir. Şəhid Raqim Hadıyev 1999-cu il martın 19-unda bu kənddə anadan olub. Orta təhsilimi Alazepin kənd məktəbində aldıqdan sonra hərbi xidmətə yollanıb.
Raqim 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq Hərbi Komissarlığa müraciət edib.
Raqim Hadıyev Füzuli, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqim Hadıyev ölümündən sonra "Vətən uğrunda" medalı, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları, Prezident İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Şəhidin anası Nəzakət Hadıyeva deyir ki, sentyabrın 27-də ölkədə qismən səfərbərlik elan olunanda Raqim də orduya çağırılır və sentyabrın 28-də müharibəyə yollanır: “Tez-tez danışırdıq. Deyrdi özünüzə yaxşı baxın. Oktyabrın 15-də atasının ad günü idi, danışdı, təbrik etdi. Füzuli, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də şəhid oldu, “neytral”da qaldığı üçün nəşini götürmək olmurdu. Noyabrın 4-də gətirdilər, 5-də dəfn etdik. İndi mən istəyirəm ki, şəhid balamı burdan çıxarıb Lənkəran şəhərində dəfn edəm. Gözdən-könüldən uzaqdayıq, heç kimin yadına düşmürük, şəhid balamı ziyarət edən də olmur. O gün Qubadlıdan bir şəhid anası gəlmişdi, yolun yarısından qayıtdılar. Yolumuzu pis vəziyyətdədir, yağış düşən kimi rayonla əlaqə kəsilir. Dövlət bizə Lənkərən şəhərində 1 otaqlı ev verib, o da çox kiçikdir. İndi qızlarımdan biri öz ailəsi ilə bizimlə qalır. Dövlətin verdiyi bir otqalı evdə də böyük ailə ilə yaşamaq çətindir. Bu və digər səbəblərdən Lənkərana köçə bilmirəm, qorxuram mən gedərəm şəhid balamı ziyarət edən olmasın. Rayon rəhbərliyindən xahiş etdim ki, yolları düzəldin, gəlmək istəyirlər, amma yollara görə heç kim gəlib çıxa bilmir. Sağ olsunlar, gəlib bir az qum töküb getdilər. Mən qadınlığımla kəndin kişilərinin qarşısında ağladım, dedim ağır traktorları yola salmayın, amma kimə deyəsən. Heç kim əhəmiyyət vermir. Özüm də ağır xəstəyəm, ruh kimi gəzirəm, taqətim yoxdur, təzyiq məni əldən salıb, gecələr yata bilmirəm”.
Atası Teymur Hadıyev şəhid oğlu ilə fəxr etdiyini bildirir: “Raqim vətənpərvər oğlan idi, həqiqi hərbi xidmətdən sonra Sumqayıtda yaşayır və işləyirdi. Sentyabrın 28-də Hərbi komissarlıqdan zəng edib çağırıblar. O da tərəddüd etmədən Vətənimizin müdafiəsinə qoşuldu. Şəhid oldu, bizim başımızı uca etdi. Nə deyə bilərəm? Vətən sağ olsun, Azərbaycan bütöv olsun. Kəndin şəraiti ağırdır, yollar bərbad, işsizlik də bir tərəfdən. Anası xəstədir, davamlı həkimə ehtiyac olur, bütün günü yollardadır. İstəyirik ki, şəhidimizin məzarını Lənkərana köçürək, özümüz də orda yaşayaq. Amma dövlət tərəfindən bir otaqlı ev verilib, o da çox kiçikdir. Böyük ailə ilə orda yaşamaq çətindir”.
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.

Telegram kanalımız