Artıq bir neçə müddətdir ki, Bakıda yaşayan məcburi köçkünlər öz doğma torpaqlarına geri qayıdır. Bu məsələdə isə üstünlük əsasən yataqxanalarda, ağır şəraitdə yaşayan ailələrə verilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə tələbə yataqxanaları boşalacaq.
Yataqxanalar boşaldıqdan sonra tələbələrin kirayə probleminin həll olunacağını gözləmək olarmı? Həmin yataqxanalarda yenidən tələbələr məskunlaşdırıla bilərmi?
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib ki, Vətən Müharibəsinin qələbə ilə başa çatması bir çox sahələr kimi təhsil sahəsinə də təsir göstərəcək: pizza mizza
“Artıq bizim digər ərazilərimiz, Xankəndi də daxil olmaqla işğaldan azad olunub. Bu ərazilərlə bağlı mütəmadi məlumatlar əldə edilir və ayrı-ayrı ailələrin köçürülməsiylə bağlı məlumat verilir. Şübhəsiz ki, ailələrin köçürülməsi, müasir kompleksli məktəblərin tikilməsi ilə bağlı 44 günlük müharibədən də əvvəl planlar tərtib olunub.
O ərazilərdə bütün infrastruktur tədbirləri görüldükdən sonra insanlar köçürüləcək, yeni müasir tipli məktəblər, peşə məktəbləri və universitetlər və s. fəaliyyətə başlayacaq”.
N. İsrafilov qeyd edir ki, köç universitet yataqxanaların boşalmasına səbəb olacaq: “Bu da tələbələrin həmin yataqxanalardan lazımi qədər istifadə etməsinə, onların ixtiyarına keçməsi ilə nəticələnəcək.
Şübhəsiz ki, bu tezliklə həyata keçiriləcək məsələ deyil. Proses planlaşdırılmış şəkildə müəyyən vaxt ərzində həyata keçiriləcək”.
N. İsrafilov eyni zamanda bəzi universitetlərin Qarabağa və digər bölgələrə köçürülməsi, bəzi universitetlərin yerli filiallarının yaradılmasını da istisna etmir: “Hətta ayrıca Qarabağ Universitetinin açılması da layihələrdə qeyd olunub. Bunlar xüsusi plan əsasında həyata keçirilir. Hətta qardaş Türkiyə ilə birgə peşə məktəblərinin layihələndirilməsi ilə bağlı planlar həyata keçirilir.
Rayon və şəhərlərdə layihələrin tətbiq edilməsi əhalinin və tələbələrin ora axın etməsinə, yeni iş yerlərinin açılmasına, yeni tipli təhsil ocaqlarının yaradılmasına şərait yaradılacaq”.
Nəzrin Musayeva
Telegram kanalımız