“Kontakt Home” ittihamlara cavab verdi

“Kontakt Home” ittihamlara cavab verdi
Avq 28, 2019 19:27
Oxunma sayı: 191

 “Kontakt Home” müştəri ilə bağ verən şirəçəkən qalmaqalı haqda açıqlama yayıb.

Şirkətdən “Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, 02.08.2018 tarixində Kontakt Home mağazalar şəbəkəsinin Sumqayıt filialından Məmmədli Könül Şakir qızı adına Kenwood JE850 markalı şirəçəkən əldə edilib. 

Müştəri bu ilin mart ayında məhsulda qüsur olması iddiasıyla rəsmi servis mərkəzinə müraciət edib. Servis diaqnostika zamanı məhsulda istehsal qüsuru aşkarlamayıb. Diaqnostika zamanı şirəçəkəndən düzgün istifadə edilməmə nəticəsində məhsulun reduktorunun zəiflədiyi müəyyən edilib və müştəriyə məhsulu təlimat kitabçasına uyğun qaydada istifadə etmək tövsiyə olunub.

Müştəri məmnuniyyətini nəzərə alaraq, ona ödənişsiz şəkildə motorun dəyişdirilməsi və yaxud da istisna hal kimi dəyərləndirilərək dəyişdirilməsi təklif edilib. Lakin müştəri heç bir təkliflə razılaşmayaraq, məhkəməyə müraciət edəcəyini və şirkəti anti-reklam edəcəyini bildirib.

Bundan sonra Sumqayıt Şəhər Məhkəməsinə müraciət edən müştərinin iddiası əsasında həyata keçirilmiş məhkəmə araşdırması nəticəsində iddianın əsassız olduğu təsdiqini tapıb, beləliklə, sözügedən məhkəmənin qətnaməsi ilə iddia tələbi rədd edilib.

Sonda bir daha qeyd etmək istərdik ki, qeyd olunan məqalədə əks olunan məlumatlar tamamilə əsassızdır, subyektiv xarakter daşıyır və şirkətimizin işgüzar nüfuzuna ziyan vurur, həmçinin Məhkəmənin ədalətliliyini şübhə altına alır. Belə ki, Azərbaycan Respubikası Konstitusiyasının 129-cu maddəsinin birinci hissəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Yenisabah.az