Kredit borcunu qoyub xaricə getmək istəyənlərə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Kredit borcunu qoyub xaricə getmək istəyənlərə XƏBƏRDARLIQ

Sosial

07 Noyabr 2026 15:44 233


Kredit borcunu ödəmədən ölkəni tərk etmək bəzi şəxslər tərəfindən öhdəliklərdən yayınma yolu kimi görülsə də, hüquqi baxımdan bu, borcun aradan qalxması demək deyil. Borclunun xaricdə yaşaması bankın tələb hüququna mane olmur. Bəs belə hallarda borclunu hansı hüquqi nəticələr gözləyir?

 “Yeni Sabah”a müsahibəsində vəkil Turan Abdullazadə bu məsələnin hüquqi tərəflərini izah edib:

– Ölkədən getməklə kredit borcundan yayınmaq mümkündürmü? pizza mizza

– Xeyr. Kredit müqaviləsi Mülki Məcəllə ilə tənzimlənən öhdəlikdir və borclunun harada yaşamasından asılı olmayaraq qüvvədə qalır. Sərhədi keçmək borcu silmir. Əksinə, faiz və dəbbə pulu (gecikməyə görə tətbiq olunan cərimə) hesablanmağa davam edir və borc böyüyür. Zaminlik varsa, bank tələbini dərhal zaminə yönəldir. Yəni "gedib qayıtmamaq" çox vaxt borcu ən yaxın adamların boynuna atmaq deməkdir.

– Xaricə köçən borclunu hansı hüquqi problemlər gözləyir?

– Bank borcu iki yolla tələb edə bilər. Birincisi məhkəmədir: borclu lazımi qaydada çağırılır, gəlmirsə, iş onun iştirakı olmadan da baxılır. İkincisi notariusun icra qeydidir. "Notariat haqqında" Qanunun 76-cı maddəsinə əsasən, tələbkar icra qeydi üçün notariusa müraciət etməzdən ən azı 20 gün əvvəl sifarişli poçtla borcluya bildiriş göndərməlidir. Xaricdə olan şəxs bu bildirişi çox vaxt görmür və məhkəməyə getmədən icra mərhələsi başlayır. Halbuki icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmədə mübahisələndirilə bilər.

İcra mərhələsində isə ölkədən çıxış məhdudlaşdırılır. 84-1-ci maddənin yeni redaksiyasına görə, icra sənədi könüllü icra üçün müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı ilə məhkəmə qərarı əsasında müvəqqəti məhdudlaşdırıla bilər. Bu qərar qəbul edildikdən sonra dərhal qüvvəyə minir, ondan şikayət verilməsi isə icrasını dayandırmır. Qanunda minimum borc həddi də yoxdur. Parlamentdə belə hədd təklif olunsa da, qəbul edilməyib. Şəxs artıq xaricdədirsə, məhdudiyyət ona ölkəyə gəlməyə mane olmur, amma gəldiyi anda geri çıxa bilməyəcək. Borc ödəndikdə isə bu barədə məlumat dərhal "Elektron icra" sisteminə daxil edilir, "Giriş-çıxış və qeydiyyat" sisteminə ötürülür və məhdudiyyət götürülür. Borc həmçinin Mərkəzləşdirilmiş Kredit Reyestrində mənfi tarixçə kimi qalır.

Xaricdə isə Azərbaycan məhkəməsinin qətnaməsi ikitərəfli hüquqi yardım müqavilələri və MDB çərçivəsindəki 1993-cü il Minsk Konvensiyası əsasında tanınıb icra oluna bilər.

– Bəs şəxs xaricdə olarkən onun əmlakına və hesablarına həbs qoyula bilərmi?

– Bəli, bunun üçün şəxsin ölkədə olması lazım deyil. Məhkəmə prosesi zamanı bank iddianın təmin edilməsi qaydasında əmlaka və hesablara həbs qoyulmasını xahiş edə bilər. İcra mərhələsində isə daşınmaz əmlak, avtomobil, bank hesabları həbs edilərək hərraca çıxarılır. Son dəyişikliklərlə hesablara tutma tam elektronlaşıb: icra məmurunun borclunun bank, kredit və elektron pul təşkilatlarındakı vəsaitlərinə tələb yönəltməsi barədə qərarı "Elektron icra" sistemi vasitəsilə ötürülür. Yəni xaricdə yaşayan şəxsin Azərbaycandakı kartına daxil olan vəsait də avtomatik tutula bilər. Kredit ipoteka ilə təmin olunubsa, bank girov əmlakını satışa çıxarır. Ailə üzvlərinin şəxsi əmlakına isə borca görə tutma yönəldilə bilməz, birgə əmlakda yalnız borclunun payı həbs edilə bilər.

– Kredit borcunu ödəməmək hansı hallarda cinayət məsuliyyəti yaradır?

– Sadəcə ödəyə bilməmək cinayət deyil, İnsan işini itirib, xəstələnib, gəliri azalıb və borcunu ödəyə bilmirsə, bu, mülki-hüquqi məsələdir. Azərbaycanın tərəfdar olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 4 nömrəli Protokolu müqavilə öhdəliyini yerinə yetirə bilməməyə görə azadlıqdan məhrumetməni qadağan edir. Cinayət məsuliyyəti üç halda yaranır:

Birincisi, dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi). Kredit götürülərkən onu qaytarmamaq niyyəti olubsa, saxta arayış və ya uydurma gəlir məlumatı təqdim edilibsə, bu artıq dələduzluqdur. Böyük kredit götürüb qısa müddətdə ölkəni tərk etmək və heç bir ödəniş etməmək istintaq üçün əvvəlcədən qəsdin ciddi sübutu ola bilər. Məbləğ böyüdükcə məsuliyyət də ağırlaşır.

İkincisi, məhkəmə qərarını icra etməmə (306-cı maddə). Konstitusiya Məhkəməsinin izahına görə, bu cinayət tərkibi şəxs əvvəlcə İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Yəni əvvəl inzibati tənbeh, sonra qərəzli icra etməmə. Maddənin "Qeyd" hissəsinə görə, şəxs məhkəmə aktını hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad olunur.

Üçüncüsü, həbs edilmiş əmlakla qanunsuz hərəkətlər (303-cü maddə). Məsələn, girovdakı və ya həbs olunmuş avtomobili satmaq, gizlətmək, ölkədən çıxarmaq.

– Borcdan yayınmaq üçün ölkəni tərk etməyin hansı nəticələri ola bilər?

– Mülki baxımdan borc qalır və böyüyür, əmlak hərraca çıxarılır, zaminlər məsuliyyət daşıyır, şəxs isə vətənə qayıtsa, geri çıxa bilmir. Əməl dələduzluq kimi qiymətləndirilərsə, cinayət işi başlanır, şəxs axtarışa verilir və onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilə bilər. Azərbaycan Ekstradisiya haqqında Avropa Konvensiyasının və MDB hüquqi yardım sazişlərinin iştirakçısıdır, ağır iqtisadi cinayətlərə görə isə İnterpol vasitəsilə axtarış elan oluna bilər. Ekstradisiyanın hər ölkədə öz şərtləri var, amma "xaricdəyəm, əlçatmazam" düşüncəsi sadəlövhlükdür.

Yəni qaçıb getmək hər zaman çıxış yolu deyil.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!