Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb, faiz dəhlizinin yuxarı həddini 7,5 faizdə sabit tutub. Aşağı hədd isə 0,5 faiz bəndi azaldılaraq 5 faizə endirilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qərarında bildirilib.
Qeyd olunub ki, aşağı həddin endirilməsi bank sektorunda izafi likvidlik şəraitində banklararası pul bazarında ticarətin təşviqinə yönəlib. Dəhlizin genişlənməsi Mərkəzi Bankın pul bazarında iştirak səviyyəsini azaltmaqla bankların öz aralarında daha aktiv əməliyyatlar aparmasına şərait yarada bilər. Uçot dərəcəsinin və yuxarı həddin sabit saxlanılması isə inflyasiya gözləntilərinin stabilləşdirilməsinə xidmət edir. Pepperoni pizza
2026-cı ilin avqustunda 12 aylıq inflyasiya 5,7 faiz təşkil edib. Bu göstərici iyul ayı ilə müqayisədə 0,1 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,2 faiz, ödənişli xidmətlər üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə isə 3,7 faiz olub.
Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin 8 ayında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu dövrdə mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 673 milyon ABŞ dolları üstələyib.
Bundan başqa, Mərkəzi Bankın valyuta ehtiyatları 8 ay ərzində 32,9 faiz artaraq 15,3 milyard ABŞ dollarına çatıb. Bu, qurumun valyuta ehtiyatları üzrə tarixi maksimum səviyyədir.
Xarici ticarətdə də müsbət saldo qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkənin xarici ticarətində 10,4 milyard ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Pul baratları üzrə saldo isə 751 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74,1 faiz çoxdur.
Mərkəzi Bank bildirir ki, mövcud şəraitdə inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin yüksəlməsi əsas risklərdən biri olaraq qalır.
Qərara əsasən, yeni faiz dəhlizi parametrləri 24 sentyabr 2026-cı ildən qüvvəyə minəcək.
Bundan əlavə, 2026-cı il üzrə pul siyasəti qərarlarının açıqlanması qrafikinə dəyişiklik edilib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın açıqlanması və mətbuat konfransı noyabrın 4-dən oktyabrın 29-na keçirilib. Ekspertlərlə görüşün də həmin gün keçirilməsi nəzərdə tutulub.
Aytac Əliyeva
Telegram kanalımız