Media “sarı öküz”ünü nə zaman qurban verdi?

saytların hazırlanması

Evə çatdırılma

Media “sarı öküz”ünü nə zaman qurban verdi?

Sosial

27 Oktyabr 2022 13:39 2131


Biz o sarı öküzü verdiyimiz zaman bu savaşı uduzduq...

Dəfələrlə demişəm, Azərbaycanda ən az problem, ən az korrupsiya, ən az reketlik olan sahə mediadır. Və eyni zamanda Azərbaycanda problem, korrupsiya, reketlik haqda ən çox danışılan da elə media sahəsidir. İllərdir dələnin təkərdə fırlandığı kimi, biz bu dairədən çıxa bilmirik. Sağ da vurur, sol da vurur bizi. Heç özümüz də özümüzü az döymürük. 

Elə bir məqama çatdıq ki, xalqının dilini bilməyən Xalq yazıçısı Çingiz Abdullayev kameraların qarşısında heç bir mədəniyyət çərçivəsini gözləmədən ona sual verən jurnalistlərə deyir ki, “utanıb, ölmürsünüz bu suala görə”.  Dominos pizza

Nə var, nə var jurnalist soruşub ki, qurultaya 203 min manat pul ayrılıb, biz bu qurultayda 203 minlik heç nə görmədik. Çingiz Abdullayevi anladıq. O, pulların hara xərclənməsi haqda bu vaxta kimi heç kimə hesabat verməyib, indi bir jurnalistin belə bir sualı onu özündən çıxarıb. Pul həssas məsələdir. Bu üzdən də yazıçı gözünü yumdu, ağzını açıb. 

Məni düşündürən isə elə öz həmkarları tərəfindən bu sualı səsləndirən jurnalistin hədəfə çevirilməsidir. Eyni zamanda Mətbuat Şurasının yeni sədri Rəşad Məcidin hadisə ilə bağlı mövqeyidir. Həmin açıqlamada ifadə olunan ritorika, epitetlər, jarqonlar istər-istəməz suallar doğurur. Bu, media qurumuna rəhbərlik edən bir şəxsin deyil, Çingiz Abdullayevin dostunun mövqeyidir. 

MŞ-nın əvvəlki sədri heç olmasa, bu kimi məsələlərdə öz susqunluğunu gözləyirdi. Amma Çingiz Abdullayevin bu qədər təhqiramiz reaksiyasını görməzdən gəlib jurnalistin sualını tərbiyəsizlik kimi qələmə vermək mediamızın daha bir fiaskonun başlanğıcında olduğunu göstərir. Cəmi bir ay əvvəl jurnalistlərin qurultayında yeni heyətə səs verənlərin nə qədər komik duruma düşdüyünü tamaşa etməkdəyik. 

Biz harda səhv etdik?

Çoxları öküzlərin bu məşhur məsələni bilir. Aslanlar bir sürü öküzə heç cür yaxın düşə bilmirmiş. Buna görə də siyasət işlədirlər, öküzlərə deyirlər ki, bəs, o sarı öküz bizi qıcıqlandırır, onu bizə verin, savaşı dayandıraq. Öküzlər də deyir ki, bu əbədi savaş sarı öküzün verilməsi ilə həll olunacaqsa, verək. Az sonra aslanlar qara öküzü də istəyir. Sonra ala, sonra qırmızı... Bu qayda ilə öküzlərin sayı o qədər azalır ki, artıq aslanlara müqavimət göstərə bilmirlər və bu zaman həmin məşhur sualı verirlər: “Biz harada səhv etdik?”

Öküzlərin analitik qabiliyyəti görünür daha güclü olub, onlar harada səhv etdiklərini tapa bildilər və bir ağızdan “biz o sarı öküzü verdiyimiz zaman bu savaşı uduzduq” deyə cavab verdilər. 

Bizim mediamız öz sarı öküzünü nə zaman, harada qurban verdi? Gec də olsa, bizə faydası toxunmasa da bunu axtarıb tapmalıyıq. 

Medianın aşağılanması və içəridən də buna dəstək verilməsi həqiqətən ürək ağrıdır. Ədalətsə, qoy ədalət olsun! Cəsarətsə, qoy cəsarət olsun! Bütün hallarda, Çingiz Abdullayevin dediklərinə qulaq tutub, jurnalistin sualını tənqid etmək çox uğursuz yanaşmadır.

Elnur Məmmədli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!