Məzuniyyətə çıxırsınızsa, bunu mütləq edin   – Yoxsa yorğunluğunuz keçməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Məzuniyyətə çıxırsınızsa, bunu mütləq edin – Yoxsa yorğunluğunuz keçməyəcək

Sağlamlıq

10 Avqust 2026 21:23 229


Artıq avqust ayıdır. Yayın son ayında məzuniyyətə çıxanların sayı artır. Bəzi işçilər bütün yayı işlədikdən sonra məhz avqustda 20 günlük, bir aylıq məzuniyyət götürür. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, uzun müddət işlədikdən sonra məzuniyyətə çıxmaq avtomatik olaraq insanın tam dincəlməsi demək deyil.

“Yeni Sabah” xəbər verir ki, beynəlxalq araşdırmalar məzuniyyətin insanın fiziki və psixoloji vəziyyətinə müsbət təsir göstərə bildiyini ortaya qoyur. 2023-cü ildə aparılan geniş araşdırmada işdən psixoloji uzaqlaşma, fiziki aktivlik və keyfiyyətli yuxunun bərpa prosesində mühüm rol oynadığı müəyyənləşdirilib.

Mütəxəssislərin fikrincə, məzuniyyətə çıxan şəxsin ilk günlərdə özünü "mütləq əylənməliyəm" təzyiqinə salması düzgün deyil. Çünki aylarla yığılan yorğunluğun bir neçə gün ərzində yox olması mümkün olmaya bilər. İnsan uzun müddət gərgin işləyibsə, ilk günlərdə daha çox yatmaq, sakit qalmaq, heç nə planlaşdırmamaq və gündəlik iş tempini azaltmaq ehtiyacı hiss edə bilər. pizza mizza

Xüsusilə işdən psixoloji uzaqlaşmaq vacib hesab olunur. Mütəxəssislər qeyd edir ki, məzuniyyət zamanı iş elektron poçtlarını davamlı yoxlamaq, iş qruplarından gələn mesajlara cavab vermək, rəhbərlik və həmkarlarla iş məsələlərini müzakirə etmək beynin "iş rejimindən" çıxmasına mane ola bilər. Araşdırmalar da məzuniyyətin ən faydalı komponentlərindən birinin məhz işdən psixoloji ayrılma olduğunu göstərir.

Başqa sözlə, işdən məzuniyyət götürüb bütün günü telefonla iş yazışmalarını izləmək fiziki olaraq ofisdən uzaqlaşmaqdır, amma psixoloji olaraq işdən çıxmaq deyil.

Məzuniyyətin ilk günlərini yuxu rejiminin bərpasına ayırmaq da faydalı ola bilər. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, kifayət qədər yuxu həm bədənin, həm də beynin bərpası üçün mühüm əhəmiyyət daşıyır. Təşkilat eyni zamanda yuxu saatlarının mümkün qədər sabit saxlanmasını, yatmazdan əvvəl elektron cihazlardan istifadənin məhdudlaşdırılmasını və gün ərzində fiziki aktivliyin artırılmasını tövsiyə edir.

Bu səbəbdən məzuniyyətdə gecə saatlarına qədər telefonda qalmaq, səhərə yaxın yatmaq və günortaya qədər yatmaqla bütün rejimi dəyişmək yaxşı fikir olmaya bilər. Bir neçə gün daha çox yatmaq bədənin yuxu borcunu azaltmağa kömək edə bilər, lakin uzunmüddətli bərpa üçün nizamlı yuxu daha əhəmiyyətlidir.

Məzuniyyəti yalnız yataqda və ya divanda keçirmək də düzgün yanaşma deyil. Fiziki aktivlik bərpa prosesinin mühüm hissələrindən biridir. Uzun müddət masa arxasında işləyən insan üçün hər gün sakit tempdə gəzmək, üzmək, velosiped sürmək, təbiətdə vaxt keçirmək və ya sadəcə açıq havada olmaq həm bədənə, həm də psixoloji vəziyyətə müsbət təsir göstərə bilər. Araşdırmalar məzuniyyət zamanı fiziki aktivliyin rifahın yaxşılaşması ilə əlaqəli olduğunu göstərir.

Burada vacib məqam odur ki, istirahəti ikinci işə çevirmək olmaz. Məsələn, 20 günlük məzuniyyətə çıxıb hər gün üçün səhərdən axşama qədər səyahət proqramı hazırlamaq, onlarla məkan gəzmək, hər gün saatlarla yolda olmaq və bütün bunları sosial şəbəkələrdə paylaşmağa çalışmaq insanı yenidən yorğun vəziyyətə sala bilər.

Məzuniyyətin məqsədi mümkün qədər çox şey etmək deyil, insanın gündəlik həyatındakı yükü azaltmaqdır. Buna görə də istirahət proqramında boş günlərin olması vacibdir. Həmin günlərdə insan gecikmiş səhər yeməyi edə, kitab oxuya, gəzintiyə çıxa, sevdiyi insanlarla vaxt keçirə və ya sadəcə heç bir xüsusi plan qurmadan gününü keçirə bilər.

Telefon və sosial şəbəkələr məsələsi də ayrıca əhəmiyyət daşıyır. Məzuniyyət zamanı ekran qarşısında keçən vaxtın tamamilə sıfırlanması hər kəs üçün real olmaya bilər. Lakin mütəxəssislərin fikrincə, xüsusilə işlə bağlı bildirişləri söndürmək və günün müəyyən saatlarında telefondan uzaq qalmaq beynin fasilə hissini gücləndirə bilər. 

Məzuniyyətdə qidalanma da unudulmamalıdır. Gün ərzində uzun müddət ac qalmaq, həddindən artıq fast-food və şirniyyat qəbul etmək, su içməyi unutmaq və yuxu rejimini pozmaq insanın özünü daha halsız hiss etməsinə səbəb ola bilər. Mütəxəssislər balanslı qidalanma, kifayət qədər maye qəbulu və nizamlı qidalanma rejiminin qorunmasını tövsiyə edirlər.

Daha bir mühüm məsələ isə məzuniyyəti "itirilmiş vaxt" kimi görməməkdir. Bəzi insanlar istirahət etdiyi üçün özünü günahkar hiss edir, daim iş barədə düşünür və hətta işə qayıdacağı günü hesablayır. Halbuki psixoloji bərpa üçün insanın bir müddət məhsuldarlıq tələb etməyən fəaliyyətlərlə məşğul olması vacibdir.

Məzuniyyətin ən yaxşı göstəricisi gün ərzində nə qədər iş gördüyünüz deyil, məzuniyyətin sonunda özünüzü necə hiss etdiyinizdir. Əgər insan məzuniyyətin son günündə belə yorğun, əsəbi, yuxusuz və işə qayıtmaq fikrindən tamamilə tükənmiş vəziyyətdədirsə, problem sadəcə istirahət çatışmazlığı olmaya bilər.

Tükənmişlik sindromu xroniki iş stresinin düzgün idarə olunmaması nəticəsində yaranan vəziyyətdir və enerji tükənməsi, işə qarşı psixoloji uzaqlaşma və peşəkar effektivliyin azalması ilə xarakterizə olunur. Bu səbəbdən uzunmüddətli və ciddi yorğunluğu yalnız "məzuniyyətə çıxım, keçər" düşüncəsi ilə izah etmək düzgün deyil.

İnsan məzuniyyətdə olduğu halda belə davamlı yorğunluq, yuxu problemləri, diqqət dağınıqlığı və əhval dəyişiklikləri yaşayırsa, bunu sadəcə iş yorğunluğu hesab etməməli və lazım gəldikdə həkimə müraciət etməlidir. Çünki davamlı yorğunluğun arxasında başqa sağlamlıq problemləri də dayana bilər.

Qısası, məzuniyyətdən maksimum fayda əldə etməyin əsas yolu bütün gün yatmaq və ya əksinə, bütün günü əyləncə ilə doldurmaq deyil. Ən effektiv istirahət işdən psixoloji uzaqlaşmaq, yuxunu qaydaya salmaq, açıq havada hərəkət etmək, telefon və iş yazışmalarından məsafə saxlamaq, yaxınlarla vaxt keçirmək və gündəlik həyatda insanı həqiqətən rahatladan fəaliyyətlərə yer ayırmaqdan keçir.

Yəni məzuniyyətin ilk günündə çamadanı açmaq kifayət etmir. Əsl məzuniyyət o zaman başlayır ki, insan beynində də iş masasından qalxır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!