Son bir neçə gündə həbs olunan 4 tiktokerdən ikisi – Üzeyir Abas və “Çevik” ləqəbli Məqsəd Bağırov sosial şəbəkələrdəki canlı yayımları və paylaşımları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə ediblər.
Onların milli-mənəvi və dini dəyərlərə zidd, habelə ictimai mənəviyyatı təhqir edən davranışlarına görə 10 sutkalıq həbsi za sayanlarla bərabər, müharibə iştirakçısı olduqlarına görə bəraət qazandıranlar da var.
“Qəhrəman da ola bilərsən, müharibə iştirakçısı da, hətta müxtəlif titulların da ola bilər. Amma bunların heç biri insana cəmiyyətə qarşı hörmətsizlik etmək hüququ vermir”. Dominos pizza
Bunu “Yeni Sabah”a hərbi ekspert Üzeyir Cəfərov deyib.
“Azərbaycan qanunvericiliyin qarşısında hamı bərabərdir. Bu prinsip Konstitusiyanın 25-ci maddəsində də öz əksini tapıb, – dey o əlavə edib. – Ona görə də kimliyindən asılı olmayaraq hər kəs öz məsuliyyətini dərk etməlidir. Əgər söhbət müharibə iştirakçısından gedirsə, bu, onun məsuliyyətini ikiqat artırır. Çünki belə insanlar cəmiyyətin hörmət etdiyi, nümunə göstərdiyi şəxslərdir və onlar heç bir halda cəmiyyətə qarşı hörmətsiz davranış sərgiləməməlidirlər”.
Ü.Cəfərovun fikrincə, sosial şəbəkələrdə mənəvi və əxlaqi dəyərlərə xələl gətirən hərəkətlərin bağışlanacağını düşünənlər kökündən yanılır:
“Mən belə hallarda qanunun daha sərt tətbiq edilməsinin tərəfdarıyam. Özüm ehtiyatda olan polkovnikiyəm, müharibə iştirakçısıyam. Amma bu o demək deyil ki, küçəyə çıxanda özümü hamıdan üstün tutmalı və ya xüsusi imtiyaz tələb etməliyəm.
Şou-biznes və ya mədəniyyət sahəsində olan şəxslərin davranışlarını tez-tez müzakirə edirik. Kim necə geyinib, necə danışıb, necə davranıb. Bəs nə üçün sinəsində medal olan, müharibə iştirakçısı nişanı daşıyan və ya hərbi geyimdə olan bir şəxs özünü cəmiyyətdən üstün hesab etməlidir?! Qətiyyən belə olmamalıdır.
Əgər hansısa şəxsə belə əməllərə görə 10 sutka inzibati həbs verilirsə, bu cür hallarda daha sərt cəzalar da nəzərdən keçirilə bilər. Çünki həmin insanlar çox yaxşı bilirlər ki, onların heç bir üstün hüququ yoxdur. Sən müharibədə iştirak etmisən, Vətən və torpaq uğrunda döyüşmüsən. Bu, böyük şərəfdir. Amma həmin işi təkcə sən yox, yüzlərlə insan görüb. Özlərinə qarşı daha tələbkar olmalısan”.
Aytac Əliyeva
Telegram kanalımız