Bir şərh insanın həyatını qaralda bilər -   SOS siqnalı!

saytların hazırlanması

Evə çatdırılma

Bir şərh insanın həyatını qaralda bilər - SOS siqnalı!

Sosial

21 Noyabr 2026 19:41 110


Sosial şəbəkələrdə insanların şəxsi həyatına müdaxilə, təhqiramiz şərhlər və əsassız mühakimələr cəmiyyətdə aqressiyanın artmasına, xüsusilə gənc nəslin psixologiyasına mənfi təsir göstərir.

Sosioloq Hüseyn İbrahimov bu barədə “Yeni Sabah”a açıqlamasında bildirib ki, sosial mediada ünsiyyət zamanı etik normalara əməl olunması üçün müəyyən davranış qaydalarının formalaşdırılmasına ehtiyac var.

Onun sözlərinə görə, müasir dövrdə sosial medianın əlçatanlığının artması insanların şəxsi həyatını da müzakirə obyektinə çevirib. Bəzi istifadəçilər heç bir etik çərçivə gözləmədən başqalarının həyatına müdaxilə edir, hətta həssas paylaşımlara belə uyğun olmayan reaksiyalar verirlər. Online shopping Azərbaycan

Sosioloq qeyd edib ki, insanların dünyasını dəyişən yaxınları ilə bağlı paylaşımların altında başsağlığı ilə yanaşı, “bəyənmə” işarəsinin qoyulması belə sosial şəbəkələrdə davranış mədəniyyətinin düzgün formalaşmadığını göstərir.

H. İbrahimov vurğulayıb ki, tənqid və qınaq fərqli anlayışlar olsa da, hər iki halda etik normalar qorunmalıdır. Bəzən insanlar məsuliyyəti dərk etmədən başqalarını o dərəcədə qınayır və tənqid edirlər ki, bu münasibət artıq təhqirə və şəxsi həyata müdaxiləyə çevrilir.

O bildirib ki, belə davranışların uzun müddət davam etməsi xüsusilə gənc nəslə mənfi psixoloji təsir göstərir. Yaşlı və orta nəslin nümayəndələrinin sosial şəbəkələrdə aqressiv ifadələr işlətməsi isə gənclər üçün yanlış nümunə yaradır.

Sosioloqun fikrincə, pedaqoqlar, jurnalistlər, elm və mədəniyyət xadimləri, eləcə də sosial şəbəkələrdə geniş auditoriyaya malik şəxslər münasibət bildirərkən daha məsuliyyətli olmalıdırlar.

O əlavə edib ki, insanlar hadisələrin mahiyyətini araşdırmadan başqaları haqqında eşitdikləri məlumatları yayır, dərhal ittiham və qınaq dolu şərhlər yazırlar. Bu isə aqressiyanın bir platformadan digərinə keçərək daha geniş yayılmasına şərait yaradır.

H. İbrahimov sosial şəbəkələrdən həddindən artıq istifadənin də təhlükələrinə diqqət çəkib. Onun sözlərinə görə, bir neçə platformadan eyni vaxtda və uzun müddət istifadə internet asılılığına, mənfi psixoloji stereotiplərin formalaşmasına və insanlar arasında aqressiv münasibətlərin artmasına səbəb ola bilər.

Sosioloq hesab edir ki, sosial mediada sağlam ünsiyyət mühitinin yaradılması üçün maarifləndirmə işləri gücləndirilməli, hər bir istifadəçi yazdığı şərhin və bildirdiyi fikrin onun şəxsi mədəniyyət səviyyəsini əks etdirdiyini unutmamalıdır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!