Otuz ildən çox müddət ərzində hər qış qeyri-adi vəziyyətə düşərək “qış yuxusuna” bənzər hal yaşayan qadının sirli xəstəliyinin mümkün səbəbi ölümündən sonra aparılan araşdırmalar nəticəsində üzə çıxıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “New Scientist” nəşri məlumat yayıb.
Məlumata görə, qadın hər il qış aylarında uzunmüddətli ataklar keçirib. Bu zaman onun bədən temperaturu 31 dərəcəyədək aşağı düşüb, orqanizmi isə kəskin şəkildə yavaşlayaraq qış yuxusuna bənzər vəziyyətə keçib. Online alış-veriş
Qadının ölümündən sonra aparılan müayinələr bu qeyri-adi halın səbəbinin beyində yerləşən hipotalamus nahiyəsində sinir hüceyrələri arasındakı əlaqələrin sayının azalması ilə bağlı ola biləcəyini göstərib.
Qeyd edək ki, bəzi istiqanlı heyvanlar, o cümlədən fındıq siçanı və yer sincabı enerji sərfiyyatını azaltmaq üçün “torpor” adlanan vəziyyətə keçir. Bu zaman onların bədən temperaturu aşağı düşür, hərəkətləri zəifləyir və maddələr mübadiləsi yavaşlayır. Bu vəziyyətin uzunmüddətli forması isə qış yuxusu adlanır.
İnsanlarda təbii şəkildə belə bir mexanizm mövcud deyil. Məhz buna görə də qadının yaşadığı hadisə elm adamlarının diqqətini cəlb edib. Bu nadir hal hipotalamusun bədən temperaturunun tənzimlənməsindəki rolunu və insan orqanizminin hansı şəraitdə qeyri-adi fizioloji vəziyyətə düşə biləcəyini araşdırmaq baxımından əhəmiyyətli hesab olunur.
Aytac Əliyeva
Telegram kanalımız