Naxçıvanın həbs edilən nazirləri  - SİYAHI

Naxçıvanın həbs edilən nazirləri - SİYAHI

Hadisə

28 Noyabr 2022 18:40 6940


Son zamanlar Naxçıvan Muxtar Respublikasında bir neçə nazir barəsində olan korrupsiya əməllərinə görə həbs edilib.

Yenisabah.az Naxçıvan MR-in həbs olunan nazirlərinin siyahısını təqdim edir.

Həbs edilən nazirlərdən biri polis general-leytenantı Əhməd Əhmədovdur. O, 2000-ci ildən 2017-ci ilədək Naxçıvan MR-in daxili işlər naziri olub. 2021-ci ildə isə Ə. Əhmədov barəsində olan korrupsiya əməllərinə görə həbs olunub. Məhkəmənin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov da həbs həyatı yaşayıb. Belə ki, general-leytenant V. Ələsgərov barəsində 2016-cı ildə həbs edilib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq nazirin "general-leytenant" rütbəsi də geri alınıb. Bu ilin sentyabr ayında isə Ali Məhkəmədə Vəli Ələsgərovun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə V. Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.

Naxçıvanda həbs edilən nazirlərdən biri də Muxtar Respublikanın sabiq təhsil naziri Məmməd Qəribovdur. Sabiq nazir bir müddət həbs həyatı yaşasa da, 2021-ci ilin iyun ayında Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M. Qəribova şərti cəza verilib və azadlığa buraxılıb.

Bu gün isə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Onu da qeyd edək ki, bir neçə gün öncə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail Rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

/Unikal


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!