Ötən həftə Ermənistan parlamentində hökumətlə keçirilən sual-cavab sessiyası zamanı Baş nazir Nikol Paşinyanın müxalifət deputatı Mesrop Manukyana ünvanladığı sərt ifadələr ölkə gündəmini yenidən keçmişin qalmaqallı səhifələrinə qaytarıb. Müxalifətin korrupsiya və siyasi kursla bağlı ittihamlarından özündən çıxan Paşinyan tribunadan qəzəblə deputata "Mən əsgərin çörəyini oğurlayıb general Manvelin ayılarına verməmişəm. Sən tam oğrusan, ayı qaşıyansan, daha betərsən" deyə xitab edib.
"Yeni Sabah" xəbər verir ki, Baş nazirin siyasi rəqiblərini susdurmaq üçün çəkdiyi bu analogiya təsadüfi deyil. Paşinyan bununla Ermənistan cəmiyyətinin yaddaşında ən böyük xəyanət və korrupsiya simvollarından biri kimi həkk olunmuş keçmiş general-leytenant Manvel Qriqoryan işinə və sabiq hakimiyyət elitasının mahiyyətinə işarə edib.
Bəs Nikol Paşinyanın bu gün də müxalifətə qarşı "silah" kimi istifadə etdiyi Manvel Qriqoryan kim idi və onun adı niyə "oğurluq" və "ayılar"la yanaşı çəkilir? Sərfəli qiymətə məhsullar
Ermənistanın siyasi və hərbi tarixində ziddiyyətli fiqurlardan biri olan Manvel Qriqoryan keçmiş general-leytenant, sabiq müdafiə nazirinin müavini və uzun illər "Yerkrapa" Könüllülər İttifaqına rəhbərlik etmiş keçmiş deputatdır. O, Ermənistanda bir vaxtlar Birinci Qarabağ müharibəsinin əsas fiqurlarından biri kimi təqdim edilsə də, 2018-ci il "Məxməri inqilab"dan sonra korrupsiya və cəbhədəki əsgərlər üçün toplanan ərzağı şəxsi zooparkındakı heyvanlara yedirtməsi ilə bağlı qalmaqallı "tuşonka" (ət konservi) işi ilə tarixə düşüb.
Kimdir və hərbi-siyasi karyerası necə başlayıb?
Manvel Sektori Qriqoryan 14 iyul 1956-cı ildə Ermənistan SSR-nin Eçmiədzin rayonunun Arşaluys kəndində anadan olub. 1975–1977-ci illərdə Sovet ordusunda xidmət etdikdən sonra Ermənistana qayıdıb və 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsinə qoşulub.
Birinci Qarabağ müharibəsi zamanı "5-ci briqada"nın komandiri kimi Azərbaycanın Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğalı əməliyyatlarında aktiv iştirak edib. Müharibədən sonra onun karyerası sürətlə yüksəlib: 1996–2000-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin 1-ci ordu korpusunun komandiri, 2000–2008-ci illərdə isə müdafiə nazirinin müavini vəzifəsini tutub. 2000-ci ildə ona general-leytenant rütbəsi və qondarma "Artsax qəhrəmanı" adı verilib.
Hərbi xidmətdən ayrıldıqdan sonra Qriqoryan 1999-cu ildən 2018-ci ilə qədər müharibə veteranlarını birləşdirən nüfuzlu "Yerkrapa" Könüllülər İttifaqının sədri olub. 2012-ci ildə hakim Ermənistan Respublika Partiyasının siyahısı ilə Milli Məclisin deputatı seçilib. Oğlu Karen Qriqoryanın uzun müddət Eçmiədzin (Vağarşapat) şəhərinin meri vəzifəsini icra etməsi isə Qriqoryanlar ailəsinə həmin bölgədə qeyri-rəsmi feodal nəzarəti imkanı verib.

Hərbi cinayətlər və əsirlərlə bağlı etirafı
Manvel Qriqoryanın adı Azərbaycan tərəfində Xocalı soyqırımı və digər işğal əməliyyatları zamanı mülki əhaliyə qarşı törədilmiş ağır cinayətlərdə hallanır. Maraqlıdır ki, general özü də müharibə cinayətlərini gizlətmirdi. 2014-cü ildə Azadlıq Radiosunun erməni xidmətinə verdiyi müsahibədə Qriqoryan Birinci Qarabağ müharibəsindən yüzlərlə azərbaycanlı əsirlə geri qayıtdığını və onları şəxsi evində işlətdiyini açıq şəkildə etiraf etmişdi. Bu açıqlama Ermənistanın özündə də rezonans doğurmuş, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts generalın bu sözlərinin Cenevrə Konvensiyasının kobud pozulması olduğunu bildirərək ona qarşı cinayət işinin açılmasını tələb etmişdi.
Niyə "oğru" və "tuşonka Manvel" kimi ittiham olunur?
2018-ci ilin yazında Nikol Paşinyanın hakimiyyətə gəlməsindən dərhal sonra, 16 iyun 2018-ci ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Manvel Qriqoryanın Eçmiədzindəki malikanəsində və bağ evlərində əməliyyat keçirdi.
Axtarışlar zamanı məlum oldu ki, 2016-cı ilin Aprel döyüşləri zamanı sadə vətəndaşların və məktəblilərin cəbhədəki əsgərlər üçün topladığı minlərlə ət konservi ("tuşonka"), alt paltarı, gigiyena vasitələri, dərmanlar və hətta uşaqların əsgərlərə yazdığı məktublar generalın şəxsi anbarlarında saxlanılır. MTX-nin məlumatına görə, Qriqoryan əsgərlər üçün nəzərdə tutulan ət konservlərini malikanəsindəki şəxsi zooparkda saxladığı ayılara, pələnglərə və dəvəquşulara yedizdirirmiş. Baş nazir Nikol Paşinyanın parlamentdə səsləndirdiyi "əsgərin çörəyini oğurlayıb general Manvelin ayılarına verməmişəm" ifadəsi də məhz bu fakta əsaslanır. Bundan əlavə, generalın evlərindən tank əleyhinə qumbaraatanlar, avtomatlar, minlərlə patron, eləcə də onlarla retro və lüks avtomobildən ibarət qaraj və külli miqdarda vergidən yayınma sənədləri aşkarlandı. Bu hadisədən sonra Ermənistan cəmiyyətində generala ironiya ilə "Tuşonka Manvel" ləqəbi verildi.
Həbsi, ölümü və sonrakı proseslər
19 iyun 2018-ci ildə Ermənistan parlamenti Manvel Qriqoryanı deputat toxunulmazlığından məhrum etdi və o, həbs olundu. Ardınca həyat yoldaşı Nazik Amiryan da qanunsuz silah saxlama və mənimsəmə ittihamları ilə istintaqa cəlb edildi, oğlu Karen Qriqoryan isə mer vəzifəsindən istefa verməyə məcbur oldu.
Həbsdə olduğu müddətdə şəkərli diabet və onkoloji xəstəliklərdən əziyyət çəkən Qriqoryanın vəziyyəti ağırlaşdığı üçün 2020-ci ilin yanvarında məhkəmə onun barəsindəki həbs qətimkan tədbirini ölkədən çıxmamaq iltizamı ilə əvəz etdi. İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gedən Qriqoryan orada koronavirusa yoluxdu və səhhəti kritik həddə çatdı. O, 19 noyabr 2020-ci ildə İrəvanda xəstəxanada 64 yaşında vəfat etdi.
Qriqoryanın İrəvandakı "Yerablur" hərbi panteonunda dəfn edilməsi planlaşdırılsa da, cəmiyyətin və müharibə iştirakçılarının kəskin etirazı səbəbindən ailəsi bu fikirdən daşındı və o, doğulduğu Arşaluys kəndində torpağa tapşırıldı. Erməni mətbuatının məlumatına görə, onun adına olan torpaqların qanunsuz özəlləşdirilməsi və mənimsəmə faktları ilə bağlı ölümündən sonra da məhkəmə araşdırmaları davam etdirilib.
Nazim Hacıyev
Telegram kanalımız